Baş redaktorla bağlı Avropa Məhkəməsinə şikayət verildi

Avropa Məhkəməsindən ərizəçinin qeyd olunan hüquq və azadlıqlarının pozuntusunun tanınmasını, onların işlə bağlı çəkdikləri və düçar olduqları digər xərc, zərərlərin əvəzinin ödənilməsini təmin etməyi xahiş edilir
Cenubnews.com (Xeber44.com) İnternet Qəzetinin təsisçi-baş redaktoru Araz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər. 
 
Şikayətdə Araz Quliyevin qanunsuz həbsi, tənqidi yazılarına görə, cəzalandırılması və işgəncəyə məruz qalması ilə bağlı ölkədaxili məhkəmələrin çıxardığı qərarların qanunsuzluğu xüsusi vurğulanır. Məlumata görə, yerli məhkəmələr jurnalistin qanunsuz tutulması, cəzalandırılması və işgəncəyə məruz qalması ilə bağlı şikayətlərə baxarkən Araz Quliyevin Avropa Konvensiyasında təsbit olunmuş azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquq və azadlıqlarının pozuntusuna yol veriblər.
 
Avropa Məhkəməsindən ərizəçinin qeyd olunan hüquq və azadlıqlarının pozuntusunun tanınmasını, onların işlə bağlı çəkdikləri və düçar olduqları digər xərc, zərərlərin əvəzinin ödənilməsini təmin etməyi xahiş edilir.
 
Qeyd edək ki, Araz Quliyev 2012-ci ilin sentyabr ayının 8-də peşə fəaliyyətini yerinə yetirən zaman Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs edilib. Sonradan A.Quliyevə qarşı yeni ittihamlar verilib. Saxlandıqdan sonra Araz Quliyevi saxlandığı ərazidə özündən gedənə kimi döyüb, Masallı Rayon Polis Şöbəsinə aparıblar. Araz Quliyevin bildirdiyinə görə, polis idarəsində də Masallı RPŞ-nin keçmiş rəis müavini Əlifağa Kazımov, polis əməkdaşları Nazim Əkbərov, Cavid Məmmədov, Rüfət Məmmədov, Zamir Kazımov, Mirxas Təhməzov və bir neçə polislər onu təhqir edərək yenidən huşu itənə qədər döyüblər. 
 
A.Quliyev həbs edildiyi zaman və ondan öncələrdə işgəncəyə məruz qalması ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova müraciət edib. Lakin bununla bağlı A.Quliyevi qane edən araşdırma aparılmayıb.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin qərarları da, polis və prokurorluğun araşdırmasına haqq qazandırıb. Və baş redaktor hakimiyyətə qarşı tənqidi yazıları ilə əlaqədar, Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” maddələri ilə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib./
 

Google+ WhatsApp ok.ru