ABŞ “çevriliş və inqilab” ittihamlarına cavab verməyə gəlir

Azərbaycan iqtidarı ilə ABŞ arasında son günlər yenidən artan gərginlik Ağ Ev administrasiyasını hərəkətə keçirib. Bir-birinin ardınca Amerikaya, o cümlədən bu ölkənin prezidenti Barak Obamaya, dövlət katibi Con Kerriyə və Bakıdakı diplomatik korpusa yönəlik sərt ittihamlar Vaşinqtonu ciddi narahat edib.
 
“Turan”ın diplomatik qaynaqlardan əldə etdiyi xəbərə görə, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gələcək. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemləri ilə bağlı rəsmilərlə   müzakirələr aparmaqdır. Səfər zamanı həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və Qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.
Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin digər detallarını açıqlamırlar. 
 
 
Lakin ABŞ rəsmisinin səfərinin anti-Amerika ritorikasının artdığı bir vaxtda, hökumət və hökumətyönlü mətbuatın dövlət katibi Con Kerrini Avropa Oyunları ərəfəsi Azərbaycan əleyhinə kampaniya təşkilində günahlandırdığı bir vaxta təsadüf edir. Üstəlik, Rusiya da Amerikanın Bakıdakı səfirliyini son vaxtlar gah “narıncı inqilablar”hazırlamaqda, gah da xəfiyyələri vasitəsilə Şimali Qafqazda terrorçu qruplara dəstəkdə ittiham edir. ABŞ səfirliyi bu kimi ittihamları cavabsız qoymur, amma görünür ki, Ağ Ev də artıq Bakı ilə münasibətlərdə nə baş verdiyini özü üçün aydınlaşdırmaq istəyir. Çünki ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi səfərindən və rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşmalardan, 4 aylıq fasilədən sonra yeni səfirin fəaliyyətə başlaması ilə gərginliyin azalması gözlənilsə də, əks proseslər baş verməkdədir.
 
Dövlət katibinin bu dəfə məhz  demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisini Bakıya göndərməsi də diqqət çəkir. Azərbaycan iqtidarı özlərinin də etiraf etdiyi kimi, Qərbin ciddi təzyiqləri ilə üzləşiblər. Səbəb barədə fərqli iddialar olsa da, rəsmi Bakı insan haqlarının vəziyyəti  və qanunsuz həbslərlə bağlı iradları birmənalı rədd edir. Avropa Oyunları ərəfəsi isə ABŞ Bakıya məhz bu məsələlərdən sorumlu rəsmisini göndərməklə əslində bu problemlərin olduğuna işarə edir. 
 
 
Malinovskini Bakıda yaxşı xatırlayırlar. Onun  bir neçə ay əvvəl  AzadlıqRadiosuna açıqlamasında  Azərbaycandakı vəziyyətdən danışması rəsmi Bakıda ciddi etirazla qarşılanmışdı. O, QHT rəhbərlərinin həbslərindən danışarkən demişdi ki, Azərbaycan hakimiyyəti  vətəndaş cəmiyyətini boğmaqla  heç nəyə nail ola bilməz. “Son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir. Bu addımlar bizim münasibətləri sual altına qoyur” deyə, ABŞ rəsmisi bildirmişdi. 
 
 
O, bu posta 2014-cü ilin 13 mayında təsdiqlənib. Bu postadək o “Humana Rights Watch”ın Vaşinqton bürosuna rəhbərlik edib. Təşkilata rəhbərlik dövründə Azərbaycan iqtidarına sərt mövqeyi ilə seçilib. Tom Malinovski hətta Azərbaycan hökuməti rəhbərlərinin  bank hesablarının dondurulmasına açıq cağırışlar da edib.  
 
Malinovskinin namizədliyi Senatda 1 ilə yaxın müzakirə edilib. Respublikaçılarla Demokratlar uzun sürən dartışmalardan sonra onun namizədliyini təsdiqləyiblər. Onun bu posta təyinatını Con Makkeyin və Benjamin Kardina kimi nüfuzlu senatorlar ciddi müdafiə edib. 
 
Bu ilin iyununda Bəhreyin Malinovskini “persona-non qrata” elan edib. Bunun səbəbi dövlət katibi köməkçisinin ölkənin əsas müxalifət partiyası olan “Əl-Vifaqla” görüşü olub. Rəsmi Bəhreyin bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi. 
Malinovskini Bakıda çox ciddi  və gərgin müzakirələr gözləyir... musavat/
 

Google+ WhatsApp ok.ru