ABŞ qoşunlarının Əfqanıstandakı missiyası gələn həftə başa çatır

ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.
 
Bunu ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib.
 
“Biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik” - deyən prezident qeyd edib ki, Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq: “İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib”.
 
Bununla belə, B.Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.
 
Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında B.Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi kontingent 15 min nəfərədək azaldılacaq.

Google+ WhatsApp ok.ru