Aclıq edən kredit fırıldağı qurbanlarının səhhəti pisləşdi

Ötən həftədən aclıq aksiyasına başlayan Qazax rayonu, Xanlıqlar kəndinin sakinləri Ombusdman Aparatına müraciət edib. Aksiya iştirakçılarından iki nəfərin isə səhhəti ağırlaşıb.
 
Bu barədə artıq 5 gündür aclıq edən kənd sakini Yaşar Həmşəyev məlumat verib.
 
Yaşar Həmşəyevin sözlərinə görə, aclıq edən kənd sakini Salatın Məhərrəmova şəkər xəstəsi olub: “Salatın xanım dərman da qəbul eləmirdi. Buna görə də vəziyyəti pisləşdi. Gün ərzində bir neçə dəfə təcili yardım çağırırdılar. Buna görə də aclıq aksiyasını dayandırmağı xahiş etdik”.
 
Aksiya iştirakçısı dedi ki, həyat yoldaşı, övladları və ya digər ailə üzvləri dövlət müəssisələrində işləyənlərə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gəlinib: “Aksiya keçirənlərin çoxu müəllimlərdir. Onlara işdən çıxarılacaqları ilə bağlı xəbərdarlıq edildi. Hər gün gecə saatlarında evlərimizə gəlib bizə xəbərdarlıq edilir. Hətta mətbuata və Qazax Rayon İcra Hakimiyyətinə şikayət edəcəyimiz təqdirdə “başımızın ağrıyacağı” ilə hədələnirik. Biz isə tələblərimiz yerinə yetirilməyənədək aksiyanı dayandırmayacağıq”.
 
Y.Həmşəyev bildirdi ki, tələblərindən biri də sakinlərin aldadılmasında iştirak edən hər kəsin tutularaq məsuliyyətə cəlb edilməsidir: “Bizi aldadanlardan biri Pərvanə Səfərova saxlanılıb. Lakin bağça müdirəsi Xatirə Əsgərova və ona bu işdə kömək edənlər azadlıqdadır. Biz istintaqın getdiyi müddətdə ödənişlərin dayandırılmasını istəmişdik. Lakin banklar bu istəyimizi yerinə yetirmədi. Xatirə Əsgərova mənim yaxın qohumumdur. Hətta evini satandan sonra bir müddət bizim evdə yaşayıb. Ona bankda girov qoyub pul götürməsi üçün zinət əşyaları vermişik. Bundan əlavə, mənim adıma “Zaminbank”dan 2500 manat götürüb. İndiyədək 2200 manatı geri qaytarmışam. Amma bank kreditin üzərinə faiz gəlib, yenidən 2240 manat borc yaranıb”.
 
Y.Həmşəyev onu da dedi ki, Ombusdman Aparatından məsələni nəzərətə görürmələrini xahiş ediblər.  
 
Qeyd edək ki, Xanlıqlar kəndində 200-ə yaxın sakin bir qrup şəxs tərəfindən aldadılıb. Onların adına X.Əsgərovanın əli ilə müxtəlif banklardan kreditlər götürülüb. Lakin kreditlər ödənilmədiyindən bank işçiləri bu məbləği kəndlilərdən tələb edir. Qazax Rayon Məhkəməsinin qərarı ilə sakinlərin məvacibindən, təqaüdündən pul tutularaq banklara ödənilir.  virtualaz.org /

Google+ WhatsApp ok.ru