İş adamı: `Gömrükçülər kərpic biznesinin axırına çıxdı`

İş adamı: `Gömrükçülər kərpic biznesinin axırına çıxdı`

"Kərpiclərimiz yenə gömrükdə ilişib qalıb. 1100 dollara başa gələn kərpicə görə bu dəqiqə gömrükdə bizdən 2 min 800 manat tələb olunur. 40 min ədəd kərpiclə gömrükdə ilişib qalmışıq".
 
"MÜƏYYƏN ADAMLAR VAR"
İşadamı Sevinc Hüseynova AzadlıqRadiosunun "Qaynar xətt"inə bildirib ki, aprelin 20-də şəriki ilə İrandan gətirdiyi bir maşın kərpici Qaradağ Gömrük Postunda gömrükçülər saxlayıb. İşadamının sözlərinə görə, ondan gətirdiyi kərpicin maya dəyərinə bərabər məbləğdə gömrük haqqı tələb olunur: "Bir müddət əvvəl də bu problem var idi, biz də başladıq yükü müəyyən adamların adına rəsmiləşdirib gətirməyə. Müəyyən adamlar var ki, onlara bizə etdiklərini edə bilmirlər. Məsələn, elə adamların adına eyni yükə görə rüsumu bir neçə dəfə 1200 manata rəsmiləşdirdilər. İndi bundan da məhrum olmuşuq. Məcburuq yenə öz adımıza rəsmiləşdirək, bizdən 2 min 800 manat rüsum tələb olunur".
 
"AZ QALIR, HAVANIN DA RÜSUMUNU ALSINLAR"
S.Hüseynova düşünür ki, gömrük rüsumlarının qaldırılması ölkədəki iş adamlarını məqsədli şəkildə çökdürməyə xidmət edir: "Dünyanı gəzirik, dolanırıq, heç bir gömrük postunda iş adamlarını bu qədər incitmirlər, aşağılamırlar, lazımsız və yüksək məbləğli rüsumlarla yükləmirlər. Az qalırlar, gömrükdən bu tərəfə keçəndə öz ölkəmizdə udduğumuz havanın da rüsumunu alsınlar. Mən bir maşın kərpic gətirmişəm, bunun vergisi, o biri, bu biri xərcləri var. 1100 dollarlıq yükə görə 2 min 800 manat rüsum olar? Hələ bilmirəm bu kərpicin birini neçədən sata biləcəm. İndi alıcılıq da düşüb. Hər dəfə yük gətirəndə gömrükçülərlə savaşmaqdan təzyiqimiz, şəkərimiz qalxıb, xəstəlik tapmışıq. İş orasındadır ki, yalnız bizim kimi sahibkarlara belə yüksək rüsumlar tətbiq olunur. Müəyyən adamlar var ki, onların adına gələn yüklərə görə iki dəfə aşağı məbləğdə rüsum alınır. Bəs deyirdilər, monopoliya yoxdur?".
 
"OLA BİLMƏZ"
Şəriklər hazırda gömrükçülərlə danışıqlar aparırlar. Əgər rüsumu ödəməsələr, yüklərin geri qaytarılacağını bildirirlər. Bu isə iş adamları üçün maliyyə itkisi deməkdir.
 
Bakı Gömrük İdarəsinin işadamının əlaqə nömrəsini götürən əməkdaşı "Qaynar xətt"ə bildirib ki, gün ərzində məsələni araşdıracaqlar. "Ola bilməz ki, vətəndaşdan əlavə xərc tələb olunsun. Ödənişlər sənədlə həyata keçirilir. Yenə də araşdırarıq", – qurum əməkdaşı bildirib.
 
Bu ilin əvvəli ölkəyə gətirilən yüklərə görə gömrük rüsumlarının növbəti dəfə artırılması iş adamlarının narazılığına səbəb olub. /

Google+ WhatsApp ok.ru