İş adamının “işığı” kəsilib, qardaşı isə döyülüb

Çörək sexinin fəaliyyət iflic edilib

Cəlilabad rayonunda fəaliyyət göstərən çörəkbişirmə sexlərindən birinin rəhbəri üzləşdiyi problemlə bağlı Lent.az-a müraciət edib.
 
Mircəfər Zeynalov bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşları ona məxsus obyektə elektrik enerjisi verilişini dayandırıblar və bu zaman onun qardaşını döyərək xəsarət yetiriblər: “Qardaşım Zeynalov Mirismayıl onlara baxış üçün şərait yaradıb ki, bu şəxslər öz vəzifələrini icra etsinlər. Lakin ”Cəlilabad” EŞ-in rəhbərliyi və işçiləri qardaşıma qarşı zor tətbiq edərək onu yerə yıxıb, təpik və yumruqla vəhşicəsinə döyüblər. Sayğaca müdaxilə olunmadığı halda Cəlilabad EŞ heç bir xəbərdarlıq etmədən elektrik enerjisinin verilməsini 01:00-da əsassız olaraq dayandırıb. Xahişlərimizə baxmayaraq 2 saat enerji vermədilər və həmin gecə 1200 kq xəmir xəmir yararsız vəziyyətə düşdü. 3 gündür Cəlilabad EŞ-yə gün ərzində 6-7 dəfə getməyimə və xahişlərimə baxmayaraq hələ də süründürməçilik davam edir. Müəssisədə istehsal tamamilə dayanıb”.
 
Lent.az məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsindən bildirilib ki, məsələ ilə bağlı təhqiqat aparılır. Ekspertiza təyin edilib və xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi də başlaya bilər.
 
Polis şöbəsindən onu da bildirdilər ki, tərəflərin izahatlarının alınıb.
 
“Azərişıq” ASC-dənÿLent.az-a bildirilib ki, məsələ baş idarənin diqqətindədir və polisin apardığı araşdırmanın nəticəsini gözləyirlər.
 
Azadliq.info-ya daxil olan məlumata görə, Cəlilabad rayonunda çörək satışı, eləcə də bişirilməsi icra başçısı Əziz Əzizovun monopoliyasındadır. Rayonun çörəklə təchizatını başçının sexləri təmin edir. Bu səbəbdən hadisənin sifarişlə baş verməsi istisna deyil.

Google+ WhatsApp ok.ru