Aİ hesabatı: İsrail rejimi ötən il Fələstin ərazilərində 15 mindən çox qanunsuz bina inşa edib

Aİ hesabatı: İsrail rejimi ötən il Fələstin ərazilərində 15 mindən çox qanunsuz bina inşa edib

2018-ci ilin ikinci yarısında İsrail rejiminin qanunsuz yəhudi qəsəbələrində tikinti işləri yüksək sürətlə davam etdirilib.
 
Maide.Az "Felestin.info"-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) İsrailin yəhudi miqrantları Fələstin torpaqlarında məskunlaşdırma siyasətilə bağlı hazırladığı yeni hesabatda deyilir.
 
Bildirilib ki, işğalçı rejim hesabat dövründə Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili bölgələrində ümumilikdə 7 mindən çox bina inşa edib.
 
Hesabatda deyilir ki, İsrail rejimi fələstinlilərin mülkiyyət hüququ əleyhinə ciddi addımlar atıb. Belə ki, İsrail ali məhkəməsi 600-700 fələstinlini Qüdsün Qədim şəhər bölgəsinə yaxın yerləşən Bətan əl-Hava məntəqəsindən deportasiya barədə qərar qəbul edib. Şeyx Cərrah məntəqəsində yaşayan ailələr isə sonuncu appelyasiya məhkəməsindən də mənfi cavab alaraq öz evlərindən köçürülmə riski ilə üzləşiblər.
 
Bu fəaliyyətlərlə İsrail rejimi Şərqi Qüds və Qüdsün Qədim şəhər hissəsinə nəzarəti tamamilə ələ almağa çalışır.
 
İsrail hökuməti dekabrda etdiyi açıqlamada bəyan edib ki, strateji E2 zonasında yerləən Givat-Eytam bölgəsində yeni torpaqlar müsadirə edəcək və burada yeni yəhudi qəsəbəsi inşa edəcək. Bu da işğalçı rejimə imkan verəcək ki, Fələstinin Beytləhm şəhərini İordan çayının qərb sahili ilə tamamilə ayırsın, bu şəhəri hər tərəfdən yəhudi qəsəbələrilə mühasirəyə alsın.
 
Hesabatda deyilir ki, 2018-ci ildə yəhudi qəsəbələrində inşa edilmiş binaların ümumi sayı 15 800-dən çox olub. Bu da kəskin artım deməkdir və yaxın illərdə 60 min yəhudinin Fələstin torpaqlarına, xüsusilə Şərqi Qüdsə köç etməsinə səbəb olacaq. Hazırda Şərqi Qüdsdə 215 min yəhudi məskunlaşıb. İordan çayının qərb sahilinin işğal altındakı C zonasında isə 413 min yəhudi məskunlaşdırılıb. Onların ümumi sayı 630 min nəfərə yaxındır.
 
Bildirək ki, İsrail rejiminin Fələstin torpaqlarında yəhudi miqrantlar üçün yaşayış məskənləri inşa etməsi tamamilə qanunsuzdur. Belə ki, BMT Təhlükəsizlik Şurası 2016-cı ildə 2234 saylı qətnamə ilə bu cür fəaliyyətləti qadağan edib. Lakin İsrail rejimi heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan inşaat və məskunlaşdırma işlərini davam etdirir. Bu da uzun illərdir müzakirə olunan iki dövlət prinsipi ilə həll yolunu və Qüdsün hər iki dövlətin paytaxtı olmaq ideyasını tədricən mümkünsüz hala gətirir.
 

Google+ WhatsApp ok.ru