Akif Çovdarovun evində və bağında axtarış - YENİLƏNİB

Bir neçə saat əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində və bağında axtarış aparılıb.
 
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.
 
****
 
Bir neçə gün əvvəl işdən qovulan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.
 
Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.
 
Onun barəsində həbs-qəti imkan tədbiri seçilib . General-mayorun həbsi MTN zabitlərinin verdiyii ifadələr əsasında baş tutub.
 
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org-a verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.
 
"MTN işi" ilə bağlı bu gün yayılan digər xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub. Dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilmişdi.
 
Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A.Çovdarov işdən qovulan eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub.
Rüşvət tələb edilməklə təhdid olunan həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına verdikləri şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkiblər.
 
Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.
 
Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. /

Google+ WhatsApp ok.ru