Yanan bina sakinlərinin sönməyən dərdi

Onlar etiraz aksiyası keçirməyə hazırlaşır.

 
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yanan 16 mərtəbəli binanın sakinləri yenidən etiraz aksiyası keçirəcəklər.
 
Bu barədə ANS PRESS-ə sakinlər məlumat veriblər. Onların sözlərinə görə, etiraz aksiyası keçirmək istəmələrinə səbəb yanğın baş verdiyi zaman binanın həyətində yararsız hala düşən avtomobillər və obyeklərinə görə kompensasiyanın hələ də ödənilməməsidir.
 
Yanğın zamanı avtomobilinə dəyən zərər prokurorluğun ekspertiza qrupunun nümayəndələri tərəfindən 6500 manat dəyərində qiymətləndirilən Ülvi Hüseynov deyir ki, sonuncu dəfə bir həftə əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə görüşüblər. 
 
"Bizə narahat olmamağımızı, kompensasiyanın ödəniləcəyini dedi. Aylardır kompensasiyanın veriləcəyini gözləyirik. Ancaq dəfələrlə yaxın zamanlarda veriləcəyini desələr də , üstündən aylar keçib". 
 
Ü.Hüseynovun sözlərinə görə, avtomobilinə ziyan dəyməmişdən öncə taksi fəaliyyəti ilə məşğul idi. Lakin indi maşın olmadığı üçün o heç bir işlə məşğul ola bilmir. 
 
"Bütün bu narahatlıqları nəzərə alaraq yaxın günlərdə beynəlxalq mətbuat mərkəzində etiraz aksiyası keçirəcəyik. Əgər həmin aksiya da nəticəsiz qalsa, bizə kömək etmələri üçün xarici səfirliklərə müraciət edəcəyik".
 
Vətəndaşların müraciət etdiyi Binəqədi Rayon İcra hakimiyyətindən isə bildirdilər ki, artıq bu məsələyə həmin qurum deyil, Nazirlər Kabineti tərəfindən yaradılmış xüsusui komissiya baxır. 
 
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, avtomobilinə ziyan dəyən və buna görə təzminat almalı olan şəxslər Nazirlər Kabinetinin tərkibində formalaşdırılan xususi komisiyaya yenidən müracət etsinlər. Burada onların problemi öz həllini tapacaq.
 
Yanan binanın sakinlərinin bir hissəsi sonuncu dəfə oktyabr ayının 10-da da bina qarşısında aksiya keçiriblər.
 
Binada yaşayan sakinlərin etiraz etməsinin əsas səbəb yanan avtomobillərinə və zərər dəyən obyeklərinə görə kompensasiya ödənilməməsi idi. 
 
Onların sözlərinə görə, binada yanğın baş verən vaxt 10 avtomobil və bir neçə obyekt yararsız hala düşüb. Həmin avtomobillərin qiymətləri də mütəxəssislər tərəfindən müəyyən edilib və dəyən zərərə görə kompensasiya ödənilməsinə qərar verilib. Sakinləri narazı salan isə müəyyən edilən kompensasiyanın ödənilməməsi idi.
 
Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı 14 nəfər ölmüş, 56 insan xəsarət almışdı. Dünyasını dəyişənlərdən 5-i azyaşlı idi. Binada yanğının baş verməsinə səbəb onun yanğına davamlı olmayan materiallarla üzlənməsi olub. /

Google+ WhatsApp ok.ru