Akif Çovdarovun qudası “vuruldu”

“DəmirBank” ASC-nin rəhbəri dəyişib. APA xəbər verir ki, bankın Idarə Heyətinin sədri Roman Əmircanov bu vəzifədən uzaqlaşıb. Roman Əmircanovu Idarə Heyəti sədrinin I müavini Fərid Abuşov əvəzləyib. Fuad Abuşovun yerinə təyinat yoxdur.
 
Qeyd edək ki, Roman Əmircanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun şəbəkəsinin ən əsas fiqurlarından olan Akif Çovdarovun qudasıdır. Roman Əmircanovun oğlu Rəşad Əmircanov Akif Çovdarovun kürəkənidir. Rəşad Əmircanov da    MTN-də şöbə rəisi vəzifəsində çalışırdı. “MTN işi” ilə əlaqədar o da tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Bundan başqa yayılan məlumatlara görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb.
 
Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.
 
Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra, mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.
 
Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.
 
Hələ o zaman məlumat yayılmışdı ki, Roman Əmircanovun da fəaliyyəti araşdırılır. Iddia olunurdu ki, Akif Çovdarov Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini “DəmirBank”da leqallaşdırıb.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru