Allahşükür Paşazadə ali lider Ayətullahül-üzma Seyid Əli Xameneini Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Allahşükür Paşazadə deyib ki, bu gün bütün müsəlman aləminin bayramı - Qədir-Xum bayramı, Hz. Əlinin (ə.s) Məhəmməd Peyğəmbərin (s.ə.a.s) davamçısı elan olunduğu gündür. O, bayram münasibətilə iranlı qonaqları təbrik edib.

 

A. Paşazadə ali lider Əli Xamneiyə Allahdan şəfalar diləyib. O, Ayətullah Xamneini Azərbaycana dəvət etdiyini, lakin bu səfərin baş tutub-tutmayacağı barədə məlumatsız olduğunu söyləyib.

 Şeyxülislamın sözlərinə görə, hazırda Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir və İ.Zərqaminin bu səfəri İranla Azərbaycan arasında əlaqələrin inkişafına dəstək olacaq.

İ.Zərqami də öz növbəsində, Qədir-Xum bayramı münasibətilə QMİ sədrini təbrik edib və deyib ki, A.Paşazadənin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasında xüsusi rolu və əməyi var.

Onun fikrincə, müasir dünyada İslamın olduğu kimi təbliğ olunmasına ehtiyac var və bu məsələdə KİV-lər xüsusi rol oynamalıdır. Bu gün İranda 160-a yaxın radio və televiziya qurumunun olduğunu deyən İ.Zərqami onların 29 peyk vasitəsilə bütün dünyaya yayıldığını açıqlayıb.

Onun sözlərinə görə, KİV-lər bu məsələdə səhv yol tutarsa, bunun ziyanı çox böyük ola bilər: "Bizim ali dini liderimiz dəfələrlə mənə deyib ki, İslam dinini təkcə moizələrlə çatdırmaq kifayət etmir. Bu məsələdə kinonun, televiziyanın, radionun və s. rolu çox böyükdür".

İran RTT-nin sədrinin fikrincə, dini sahədə biliklər, İslam dini insanlara daha çox və düzgün çatdırılsa, insanlar daha yaxşı yaşayarlar. /

 

Google+ WhatsApp ok.ru