Alman Liebherr şirkəti Məkkədəki kran qəzasını araşdıracaq

Almaniya tikinti maşını istehsalçısı Liebherr şirkəti Məkkədəki kran qəzasını araşdırmaq üçün mütəxəssisini Səudiyyə Ərəbistanına göndərib.
 
Maide.az xəbər verir ki, alman mediasında yer alan xəbərlərdə şirkətin Baden-Vürtemberq əyalətinin Ehingen şəhərində vəzifəli bir mütəxəssisin qəzanın araşdırması üçün artıq Məkkədə olduğu bildirilir. 
 
Sözügedən şəxsin bölgədə xidmət edən və Məkkədə yerləşən digər mütəxəssislərlə qazanın səbəbini müəyyən etməyə çalışacağı, ancaq bunun bir neçə həftə çəkəcəyi qeyd edilir.
 
Məkkədə devrilən LR-11350 markalı kranın Almaniyanın Ehingen şəhərində istehsal edildiyi və məscidin genişləndirilməsi işlərində tikinti maşınları və polad daşıyıcıları qaldırmaqda istifadə olunduğu, 1350 tona qədər yük qaldırdığı bildirilir.
 
Liebherr şirkətinin 2006-cı ildən bəri bu modeldəki krandan müxtəlif ölkələrə 30 dənə satdığı, indiyə qədər 3 qəza baş verdiyi, ancaq heç birinin texniki problemdən qaynaqlanmadığı irəli sürülüb.
 
Məkkədə Məscidi Hərəmdə kranın devrilməsi nəticəsində baş verən qəzada 107 nəfərin öldüyü, 238 nəfərin yaralandığı açıqlanmışdı.

Google+ WhatsApp ok.ru