İşğalçı rejim də İran təyyarəsini vurduğunu açıqladı

Ötən həftə İran ərazisində İsrailin kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq bu dəfə İsrail ordusu İranın pilotsuz təyyarəsini vurub, Yaxın Şərqin iki rəqib ölkəsi arasında gizli müharibə davam edir.
 
İsrail mətbuatı İsrail-Suriya sərhədində işğal edilmiş ərazilərdə İranın pilotsuz təyyarəsinin vurulduğunu yazıb. İnterAz “əl-Məyadin” telekanalına istinadla xəbər verir ki, bu barədə İsrailin İkinci Kanalı məlumat yayıb.
 
Məlumata əsasən, İsrailin Colan yüksəkliklərində vurub yerə saldığı pilotsuz təyyarə İran istehsalıdır. Eyni zamanda pilotsuz təyyarənin Suriya hökumətinə məxsus ola bilər. Məsələ burasındadır ki, Suriya ilə İsrail arasındakı sərhəd ərazilər ötən həftə “ən-Nusra” qruplaşmasının nəzarətinə keçib. 
 
Bu ərazilərdə hazırda Suriya hökumət qüvvələri ilə müxaliflər arasında döyüşlər davam edir. Belə görünür, qarışıq bölgə üzərindən hava kəşfiyyatı fəaliyyəti İsrail ordusu tərəfindən durdurulub.
 
Qeyd edək ki, bir həftə öncə İran da ölkə ərazisinə girmiş İsrailin bir “Hermes” tipli pilotsuz kəşfiyyat təyyarəsini vurmuşdu. Daha bir İsrail pilotsuz təyyarəsi isə 4 gün öncə Bağdad səmasında vurularaq, yerə salınmışdı. Ekspertlərin fikrincə, Colan yüksəkliklərində vurulan İran pilotsuz təyyarəsi çox güman ki “Hizbullah”a məxsusdur.
 
Bu hadisə onu göstərir ki, ötən müddətdə müəyyən qədər arxa plana keçən İsrail-İran qarşıdurması davam edir. Hər iki ölkə bir-birinə qarşı gizli şəkildə kəşfiyyat müharibəsini davam etdirir. Yeri gəlmişkən, Qəzzaya hücum zamanı HƏMAS silahlılarının İsrail ordusuna ağır cavab zərbələrinə görə İranı ittiham edərək, İran silahına qarşı müharibə apardığını bəyan etmişdilər.

Google+ WhatsApp ok.ru