AİP Ədliyyə Nazirliyinə müraciət etdi

“Mövsüm Səmədova qarşı qərəzli münasibətə son qoyulsun”

İslaminsesi.az saytının AİP-in  mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyası respublikanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi cənab general Mədət Quliyevə Hacı Mövsüm Səmdova qarşı həyata keçirilən ədalətsiz münasibətə etiraz edən müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi cənab general Mədət Quliyevə müraciət

                         

  Hörmətli general,

Azərbaycanda cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində rəhbərlik etdiyiniz təşkilatın müstəsna rolu olduğunu inkar etmək olmaz. İnanırıq ki, cəzaçəkmə müəssisələrində məhbusların islah olunması və cəmiyyətə əsl yararlı vətəndaş kimi təqdim edilməsini başlıca vəzifəniz hesab edir və bu məsuliyyətin öhdəsindən gəlməyə çalışırsınız. Xüsusilə, son dövrlər aparılan islahatlar gələcəkdə cəzaçəkmə müəssisələrinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklərə apara bilər.

Hörmətli M. Quliyev!

Bizi və Azərbaycan cəmiyyətini və ilk növbədə inanclı təbəqəni düşündürən, ciddi narahat edən bir sıra mühüm məsələləri nəzərinizə çatdırmaq istərdik. Məlumat üçün bildirməliyik ki, 2011-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov ağır maddələrlə ittiham olunaraq 12 il həbs cəzasına məhkum edilib. O, cəzasının 3 il 9 ayını Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində olub. Bu ilin sentyabr ayının 18-də M. Səmədov gözlənilmədən, həm də nə vəkilə, nə də məhkumun ailəsinə qabaqcadan xəbərdarlıq edilmədən, Güzdəkdəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Həyata keçirilən dəyişikliyin əsas səbəbi haqqında məhkuma və onun vəkilinə heç bir aydınlıq gətirilməyib.

Daha qəribə və anlaşılmayan məsələ ondan ibarətdir ki, məhbus Hacı Mövsüm Səmədov 12 saylı həbsxanaya köçürülən kimi ona qarşı xüsusi cəza rejimi tətbiq edilib. Artıq 5 gündür ki, səhhəti onsuz da ağır olan M. Səmədov xüsusi cəza altında saxlanılır. Aldığımız məlumata görə bu gün, sentyabrın 24-də onun xüsusi cəza müddəti daha 7 sutka artırılıb.

Nəzərinizə çatdırmaq istəyirik ki, Hacı Mövsüm Səmədov ixtisasca həkim, həm də İslam dininin bilicisi, alimdir. O, qaldığı hər hansı bir mühitdə həmişə insanları mənəvi cəhətdən zənginləşdirməyə, yaxşılığı təlqin edib onları pislikdən çəkindirməyə çalışıb. Cəmiyyətdə hörmət sahibi olmaqla, Vətənini, xalqını, torpağını, dinini sevən və bu dəyərlərin yolunda canından keçməyə hazır olan bir şəxsiyyətdir. Düşmənçilik və müxtəlif fitnə-fasadlarda dolu hazırkı dövrdə belə şəxsiyyətlərə xalqımızın böyük ehtiyacı var.

Təəssüflə qeyd etməliyik ki, rəhbərlik etdiyiniz qurumda belə işıqlı insanların əsl qiyməti, yüksək dəyəri nəzərə alınmadan onlara qarşı haqsızlığa və ədalətsizliyə yol verilir qanunsuzluqlarda barışmaz olduğuna görə ona açıq şəkildə qərəzli münasibət göstərilir.

Hesab edirik ki, Hacı Mövsüm Səmədov qanunçuluğu, haqqı və ədaləti sevdiyinə görə ona qarşı atılan qeyri-adekvat, haqsız münasibətə layiq deyil. Bu cür münasibət cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan məhbuslara ikili, qərəzli yanaşmanın nəticəsi kimi başa düşülür və bu da  əhbərlik etdiyiniz orqana qarşı cəmiyyət arasında ciddi inamsızlıq toxumu səpir.

İnanırıq ki, müraciətimizi Sizin üçün əhəmiyyətli hal kimi qiymətləndirəcək, konkret addım atmağa səy göstərəcək, haqsızlığı dəf etməklə cəmiyyətdəki narahatlığı aradan qaldıracaqsınız.

  Azərbaycan İslam Partiyası   24.09.2014 /

Google+ WhatsApp ok.ru