Qurban bayramı ilə əlaqədar vağzallarda yenə sıxlıq olacaq

Qurban bayramı ilə əlaqədar sərnişin sıxığını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş rejimdə işləyəcək. 
 
Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bayram günlərində sərnişin axınının artmasını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamenti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. 
 
“Ölkə daxilində adi günlərdə sərnişinlərin sayı 2500-3000 nəfər təşkil edirsə, bayram günü bu rəqəm 5 minə çatacağı planlaşdırılır. Bu səbəbdən hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək”, - deyə Nadir Əzməmmədov bildirib
 
Onun sözlərinə görə, artıq biletlərin satışları 10 gün qabaqdan başlanıb. Bilerləri internet vasitəsilə, yaxud da post-terminal aparatlarından pul ödəməklə də sifariş vermək olar. Bundan başqa, kassalarda biletlərin satışı təşkil olunub. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün aparılacaq.
 
Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında da sərnişin sıxlığı ilə əlaqədar problem yaranmayacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, oktyabrın 2-dən 7-nə qədər bütün istiqamətlərdə avtobusların sayı artırılacaq. Ümumilikdə xətlərə 200-ə yaxın avtobus buraxılacaq. Əlavə avtobuslar bütün istiqamətlər üzrə hərəkət edəcək.
 
“Adi günlərdə avtovağzaldan 9-10 min sərnişin istifadə edirsə, bayram günü 15 min nəfər təşkil edəcək. Adi günlərdə xəttə 350-400 avtobus buraxılırdısa, bayram günlərində 600 avtobus işləyəcək. Əgər lazım olarsa, bundan da artıq maşınlar xətlərə əlavə edilə bilər”, - deyə Məhəmməd Abdullayev bildirib.
 
Avtovağzal rəsmisinin sözlərinə görə, bayram günlərində avtobuslarda gediş haqqlarının süni şəkildə qiymətlərinin qaldırılmasına ciddi nəzarət olunacaq.
 
“Əgər kimsə qiymətin süni şəkildə qaldırılmasına rast gələrsə, dərhal növbə rəislərinə müraciət etsinlər”, - deyə Məhəmməd Abdullayev bildirib.

Google+ WhatsApp ok.ru