Apteklər boşalıb

Paytaxtdakı əksər apteklərin piştaxtaları boş qalıb. Səbəb isə odur ki, apteklər son 6 gündə dərman satışı ilə məşğul olan firmalardan sifarişlərini ala bilməyiblər.

Paytaxt apteklərində kritik vəziyyət hökm sürür. Əczaçılar dolların bahalaşdığı gündən etibarən depolardan dərman ala bilmədiklərini deyirlər. Xüsusən də “Avromed” şirkətindən dərman alan apteklərə bir həftədir ki, mal gəlmir. Aptek işçiləri deyirlər ki, əllərində olan dərmanları köhnə qiymətə satırlar. Qiymətlərdə hələ ki, heç bir problem yoxdur. Əsas problem odur ki, sifarişlərimiz verilmir. Alıcıları əliboş göndərməli oluruq. 

Əczaçıların sözlərinə görə, Azərbaycanda əczaçılıq məhsullarının 95 faizindən çoxunu xaricdən gətirilən dərman məhsulları təşkil edir: “Dolların bahalaşması ilə həmin dərmanların da maya dəyəri avtomatik olaraq 30 faiz artıb. Ancaq dərman firmaları hələ ki, qiymət siyasəti ilə bağlı qərar vermədiyindən depoları bağlayıblar. Yerli dərman istehsalçıları olan “Herba Flora” və “Azərfarm” şirkətlərinin istehsal etdiyi dərmanlar və əczaçılıq məhsullarının gətirilməsi ilə bağlı heç bir problem yaşanmır, qiymətlər də əvvəlki kimi saxlanılıb. Ancaq xaricdən gətirilən dərmanlarla bağlı apteklərdə qıtlıq var. Əhali də dərman əldə etməkdə çətinlik çəkir”. 

81 saylı aptekin əczaçısı 6 gündür ki, dərman ala bilmədiklərini deyir: “Dollar bahalaşmazdan iki gün öncə sifariş vermişdik və “Avromed” şirkəti də bunu qəbul etmişdi. Ancaq dollar bahalaşan kimi depoları bağladılar və sifarişimizi də ləğv etdilər. Alıcı gələndə əlimizdə olan dərmanlarla yola salmağa çalışırıq. Ancaq gördüyünüz kimi, vitrinlərimiz boşdur. Qiymət artımından isə hələ ki, söhbət gedə bilməz. Çünki bunları firmadan ucuz almışıq. Qiymət siyasətinə isə biz qərar vermirik. Əgər bir neçə gündən sonra dərmanlar depodan baha gəlsə, biz də məcbur olub, baha satacağıq. Hələ ki, heç bir məlumat yoxdur, sadəcə gözləyirik”. 

19 saylı aptekdən də bildirdilər ki, son bir həftədə xarici dərman preparatlarını ala bilməyiblər: “Gördüyünüz kimi, aptek demək olar ki, boşdur. Çünki dərman ala bilmirik. Dövlət apteklərinin heç birində qiymət artmayıb. Biz bunu özbaşına edə bilmərik. Sadəcə bu söhbətlər o qədər yayılıb ki, insanlar psixoloji olaraq hər zaman aldığı qiyməti indi baha hesab edirlər. Halbuki, bir ildir ki, həmin qiymətə alırlar. musavat /

Google+ WhatsApp ok.ru