Arif Məmmədov axtarışa verildi

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədovun barəsində həbs qərarı verilib və o, beynəlxalq axtarışa verilib.
 
Arif Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri üzrə təqsirləndirilir.
 
Bu haqda Baş Prokurorluq avqustun 12-də məlumat yayıb.
 
Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirir.
 
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırmaları zamanı aşağıdakılar aşkarlanıb:
 
"Diplomatik nümayəndəliklərə avtomobil almaq üçün tətbiq edilən 27,5 faizlik güzəştən istifadə edərək, daimi nümayəndəliyin hesabına 43 min avro pul köçürüb və həmin pul BMW şirkətinə ödənib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozub və bununla da 8 min avro vergi ödəməkdən yayınıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satmışdır. A.Məmmədovun Fransanın vergi qanunvericiliyinin tələblərini pozması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib".
 
Baş Prokurorluğun məlumatında daha sonra qeyd olunur ki, Arif Məmmədov həm də daimi nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürüb, sosial-mədəni və digər tədbirlərin keçirilməsinə ayrılan vəsaitlərin xərclənməsində ciddi maliyyə pozuntularına yol verib:
"Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən “Novruz“ şənliyi “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbiri guya nümayəndəliyin keçirildiyi adı ilə 11 min 600 avro mənimsəyib".
 
Arif Məmmədov dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməkdə də ittiham olunur: 
 
Deyilir ki, 2007-ci və 2012-ci illərdə Azərbaycan parlamentindən nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə hardasa 20 min avro xərclənib. Baş Prokurorluq qeyd edir ki, həmin xərcləri Milli Məclisin İşlər İdarəsi ödəsə də, A.Məmmədov bunu guya daimi nümayəndəliyin ödədiyini göstərib.
 
İttihamlar sırasında A.Məmmədovun 2007-ci ilin iyun-oktyabr ayları üzrə 18 min 500 avro əməkhaqqını öncədən alıb və sonradan həmin ilin oktyabrında yenidən 3 min 700 avro təkrarən maaş alıb. Onun həm də 2007-2012-ci illərdə evində işlətdiyi elektrik enerjisinə görə, 6 min 500 avronu nümayəndəliyin büdəcəsi hesabına ödədiyi qeyd olunur.
 
A.Məmmədov həm də nümayəndəliyin balansında olan 25 min 300 manatlıq iki avtomobili Dövlət Əmlak Komitəsinin razılığı olmadan 7 min 100 avroya rəsmiləşdirib satmaqda suçlanır.
 
Arif Məmmədov mayın 19-da Bakının Binəqədi qəsəbəsində 15 nəfərin ölümü ilə bağlı baş verən yanğınla bağlı öz Facebook səhifəsində status yazmışdı. Bundan sonra o, vəzifəsindən geri çağrılmış və bəzi dövlət və hökumət rəsmiləri onu tənqid etmişdi. Arif Məmmədov isə bütün deyilənlərə belə cavab vermişdi:
 
“Bu status bir növ qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16-mərtəbəli binaya görə yazmadım. İçimdə xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar…”
 
Bundan sonra Hesablama Palatası onun rəhbərliyi dövründə Avropa Şurası yanında nümayəndəlikdə yoxlamalara başlayıb. Baş Prokurorluq isə ona cinayət işi açmışdı. Arif Məmmədov bütün ittihamları rədd edir. Ona qarşı başlanan cinayət işini söylədiyi siyasi fikirlərlə əlaqələndirib. azadliq.org /
 

Google+ WhatsApp ok.ru