Arif Yunusun vəziyyəti pisləşdi

"Dünən səhhətinə görə məhkəmə zalından sərbəst buraxılan konfliktoloq Arif Yunusun təzyiqi gecə yenidən yüksəlib. Hazırda o, həkimlər tərəfindən müayinə edilir".
 
Bunu hazırda Arif Yunusun yanında olan psixoloq Azad İsazədə deyib. Onun sözlərinə görə, A. Yunus gecə özünü pis hiss etdiyi üçün həkimlər dəvət edilib. Hazırda da yanında tibb işçiləri var: "Arif heç kimlə danışmaq istəmir. Jurnalistlərə müsahibə verməyəcəyini deyir. Birazdan onunla birgə müayinə edildiyi xəstəxanaya gedəcəyik. Çünki məhkəmə zalından azad edildiyi zaman onun bütün dərmanları xəstəxanada qalıb. Ondan sonra isə ona, ailə üzvləri ilə əlaqə saxlaya bilməsi üçün mobil telefon və nömrə almağa gedəcəyik".
 
Azad İsazadə- hazırda A. Yunusun yanında olan psixoloq
 
Xatırladaq ki, yeddi il müddətinə azadlıqdan məhrum edilən Arif Yunus dünən günorta saatlarında məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə onun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Səhhətindəki problemlərlə əlaqədar onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib. 
 
Almaniyadan gəlmiş mütəxəssislər konfliktoloqun müayinəsindən sonra onun təzyiqinin həddindən artıq yüksək olduğunu bildiriblər. 
 
Məhkəmə A.Yunusun vəkilinin vəsatəti təmin edərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.
 
Arif Yunus səhhəti pisləşdiyindən oktyabrın 30-da Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdü.
 
 
Tanınmış konfliktoloqun azadlığa buraxılmasına Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri də münasibət bildirib. O, konfliktoloqun həbsdən azad edilməsini alqışlayıb: 
 
“Ölkəmiz Məhkəmənin politoloq barədə həbsin ev dustasqlığı ilə əvəz edilməsi barədə qərarına humanitar yanaşma və pozitiv addım kimi baxır. Ümid edirik ki, Azərbaycan hökuməti ciddi sağlamlıq problemləri olan digər məhbuslara da eyni yanaşmanı şamil edəcək”.
 
Konfliktoloqun həbsdən çıxmasını müsbət qarşılayan şəxslərdən biri də Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard olub. O, məsələ ilə bağlı bildirib ki, məhkəmə Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi və humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını müsbət qiymətləndirir.
 
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015 tarixli hökmü ilə Arif Yunus 7 il, onu həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru