İraqın Azərbaycandakı səfirliyində `Ərbəin vizası` problemi varmı? - RƏSMİ AÇIQLAMA

Ərbəin günü Kərbəlaya getmək istəyən Azərbaycan vətəndaşları İraq Səfirliyində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Maide.az-a müraciət edən zəvvarlar bildirirlər ki, Səfirliyə Ərbəində iştirak etmək üçün viza almağa getdikdə binaya daxil ola bilmirlər. Viza 40 AZN olduğu halda, Səfirliyin binasının qarşısında dəllallar var ki, viza almağa onlar köməklik edirlər və bu da 50-60 AZN-ə başa gəlir.

Məsələ ilə əlaqədar Maide.az-ın sorğusuna cavab verən İraqın Azərbaycandakı Səfirliyinin mətbuat xidməti bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir: "Düzdür, Səfirliyə hər gələn şəxs buraxılmır. Bu da sırf təhlükəsizlik məqsədi ilə həyata keçirilib. Təsəvvür edin ki, Ərbəin mərasimində iştirak etmək istəyən yüzlərlə Azərbaycan vətəndaşı Səfirliyə gəlir. Bu insanları qəbul edib, onlara xidmət göstərmək nə texniki cəhətdən, nə də təhlükəsizlik baxımından mümkün deyil. Bundan əlavə, artıq fərdi vizaların verilməsi dayandırılıb. Buna səbəb də yenə təhlükəsizlik məsələsidir. Bildiyiniz kimi, İraqda hazırda İŞİD terrorçuları ilə müharibə gedir. Bu baxımdan vətəndaşın fərdi şəkildə ora getməyi, qalmağı, qayıtmağı çətinliklər və əlavə problemlər yarada bilər. Həm də nəzərə alsaq ki, kimlərsə sui-istifadə edib terrorçulara qoşulmaq istəyər, bu da başqa bir problemdir. Buna görə də, vizalar ancaq şirkətlərə verilir ki, bu da zəvvarların rahatlığı üçündür. O ki, qaldı kimlərinsə zəvvarlardan vizanın qiymətindən artıq pul almasına, bu artıq Səfirliyə aid məsələ deyil. Zəvvarlar özləri vizanın qiymətini bilirlər."

Google+ WhatsApp ok.ru