Arzu Abdullayeva: “Bizdə problem yoxdur deməklə özümüzü gülünc yerə qoymayaq”

ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri İzabel Santos oktyabrın 27-də Azərbaycandakı seçkilərlə bağlı sərt bəyanat yayıb. O bildirib ki, Azərbaycan hökumətinin müstəqil və tənqidi səslərə təzyiqi parlament seçkisi öncəsi ziyanlı təsirə malikdir: “Ölkə rəhbərlərini vətəndaşları və beynəlxalq ictimaiyyət ilə işləməyə, açıq və səmimi dialoq aparmağa, sonucda ölkədə insan haqları və hüququn aliliyini bərpa etməyə çağırıram. Parlament seçkisi öncəsi bilgili debatların olması vacibdir və Azərbaycan vətəndaşları hökumətin yaratdığı sükutdan daha çox ziyan çəkəcəklər”. O, ölkədə həbs edilən fəallarla bağlı da tənqidi fikirlər səsləndirib. Amma Azərbaycanın cavabı da özünü çox gözlətməyib. ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev cavab olaraq deyib ki, İzabel Santos ona verilən təlimatlar əsasında bu cür fikirlər səsləndirir: “Biz dəfələrlə müraciət etmişik ki, sizin yalan məlumatlar üzərində qurduğunuz bu təbliğat ATƏT-in ümumi prinsiplərinə ziddir”.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən hüquq müdafiəçisi Arzu Abdullayeva deyib ki, sivil ölkələrdə sözlər, bəyanatlar kifayət qədər təsirə malikdir: “Hər bir ölkə öz nüfuzu barəsində çox düşünür və həssasdır. Çalışır ki, onun barəsində müsbət rəy formalaşsın. Azərbaycanda dünyanın müxtəlif turnirlərini ölkədə keçirtməklə, cürbəcür nüfuzlu media orqanlarına pullar verərək, Azərbaycan haqqında məlumatlar yerləşdirərək ölkә haqqında müsbət rəy formalaşdırmaq istəyir.
 
Amma bütün bunlara baxmayaraq ölkəmiz demokartiya baxımdan çox geri qalıb. Təbii ki, bu faktlar AŞPA-nı, ATƏT-i narahat etməyə bilməz. Azərbaycan siyasi baxımından Avropa məkanının üzvüdür. Bu baxımından Avropa məkanına aid olan qanunlar Azərbaycanda da keçərlidir. Təəssüf ki, Azərbaycanda hətta Avropa İnsan Haqları Konvensiyasının maddələri kobud şəkildə pozulur. Bu xartiyanın 18-19 maddəsi Azərbaycanda təmin olunmur. İ.Santos da təlimat əsasında deyil, məlumatlara əsaslanaraq bunu deyir.
Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələrinin həbs olunmasını heç kəs inkar edə bilməz. Bütün bunlar dünyaya bəllidir. Bu fikirlərin təlimatlar əsasında səsləndirilməsini demək anlaşılan deyil. Azərbaycan mütləq dəyişməlidir. Tənqidi fikirlərə dözümlü yanaşma təmin edilməlidir. Dünyanın hər yerində problemlər var. Bizdə problem yoxdur deməklə özümüzü gülünc yerə qoymayaq”. /

Google+ WhatsApp ok.ru