Aslan İsmayılov: “İnsanlarla güc dili ilə danışmaq, ölkəni xaosa aparacaq”

Devalvasiyadan sonra insanların ən çox gözlədikləri islahatlar gömrük və vergi sistemi ilə bağlı idi. Hökumət ilk günlərdə gömrük sistemi ilə bağlı müəyyən addımların atılması ilə bağlı qərarlar verdi. Əhali hesab etdi ki, gömrükdəki islahatlar onların rahat şəkildə idxal və ixrac fəaliyyətinə köməklik edəcək. Amma baş verənlər heç də gözlənilən effekti vermədi.
Vəkil Aslan İsmayılov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, gömrükdəki islahatlar çox gecikmiş addımlardır: “Gömrük sistemində edilən bu islahatlar çox düzgün addımlardır. Amma bu addımlar çox gecikib. İllərdir bu barədə biz fikirlər söyləyirdik, ancaq hökumət bu istiqamətdə heç bir addım atmaq haqqında düşünmürdü. Bu günki addımlar 10 il gecikmiş addımlardır və arxadan atılan daş effekti verəcək. Üstəlik, yalnız gömrükdə islahatlarla məsələ həll olunan deyil, iqtisadiyyatı tənzimləyən bütün sahələr çöküb. Bu gün bu sahədə atılan addımların bəhrə verməsi üçün ən azından 5 il vaxt lazımdır.
İnsanların bu günki durumu isə 5 il yox, 5 ay gözləməyə imkan verməyəcək. Bu baxımdan, atılan addımlar, hakimiyyətin çox sevdiyi, artıq uçmaqda olan, evlərə bəzəkli üzlüklər vurmasına bənzəyir və bu islahatların, bu gün üsyan edən insanlara heç bir ciddi təsiri olmayacaq. İqtisadiyyatda, icra, qanunvericilik hakimiyyətində, məhkəmə sistemində mövcud vəziyyət artıq hakimiyyət böhranı yaradıb. Ölkədə bütün sahələrdə tüğyan edən korrupsiya, illər əvvəl dəfələrlə dediyim kimi, artıq idarəetmənin əsasını təşkil edir. Bu halın aradan qaldırılması üçün sistem bütövlükdə dəyişməlidir. Hakimiyyətin bu gün atdığı addımlar, yəni kosmetik islahatlar, insanlarla güc dili ilə danışmaq, bu günki böhranı daha da dərinləşdirib ölkəni xaosa aparacaq”./
 

Google+ WhatsApp ok.ru