Sumqayıtda sahibkarlar «havadan asılı» vəziyyətdədir

Yanvarın 12-də bir qrup sahibkar Sumqayıt şəhər İcra Hakimiyyətinin və şəhər Memarlıq İdarəsinin nümayəndələri ilə görüşüb. Görüş zamanı 3-cü mikrorayon ərazisində 17 kommersiya obyektinin sökülməsi ilə bağlı yayılan informasiyalardan yaranan qeyri-müəyyənlik müzakirə olunub.
 
«Bizi İH-nin binasında qəbul etdilər və məlumat verdilər ki, Heydər Əliyevin abidəsindən aerokassaya qədər obyektlərin sökülməsi ilə bağlı deyilənlər şayiədir», deyə görüş iştirakçılarından Yusif Həmzəyev Turan-a bildirib.
 
Yanvarın 9-da üçmərtəbəli «Ən Ucuz Market» ərzaq mağazası sahibkar tərəfindən boşaldılıb. Ona İH-dən şifahi şəkildə bildirilib ki, obyekt söküləcək.
 
Yanvarın 11-də Sumqayıtın informasiya resurslarında Sülh küçəsində 17 ticarət obyektinin, o cümlədən guya qanunsuz tikilən və şəhərin Baş Planına uyğun olmayan “Cavid Mall” ticarət mərkəzinin söküləcəyi barədə məlumat yayılıb. Sahibkarlar bildirir ki, bu obyektlərin mülkiyyət hüququnu təsdiq edən sənədləri var.
 
Yerli KİV Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən bildirir ki, birincinin yerində park, ikincinin yerində avtodayanacaq tikmək planlaşdırılır.
 
Sahibkarlar bildirir ki, hələlik onlar "havadadır" və bundan sonra necə edəcəklərini bilmirlər. Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında prezident İlham Əliyev yerli İH orqanlarına sahibkarlara hər cür kömək etməyi və investisiyaları təşviq etməyi tapşırıb. /

Google+ WhatsApp ok.ru