Aslan İsmayılov: `Bu gün dünya güclərinin heç biri Azərbaycana qarşı çıxış etmir`

Bu gün Azərbaycan çox həssas bir dönəmini yaşayır. Cəbhə xəttində baş verənlər ölkə əhalisi kimi, dünya mediasının da diqqət mərkəzindədir. Bu baxımdan bu işə məsul olan qurumlar dünyaya Azərbaycan reallıqlarını, həqiqətlərini çatdırmaq üçün səy göstərməlidirlər. 2 apreldən başlayan gərginliyin ilk günlərindən erməni mediası ciddi olaraq dezinformasiya yayamağa başladı. Ekspertlər bu sahədəki boşluqların doldurulmasının zəruriliyini qeyd edirlər.
 
Mövzu ilə bağlı vəkil Aslan İsmayılov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan gəncləri bütün dünyada fəaldır və aktivliklərini günü gündən artırırlar: “Təbii ki, cəbhə xəttində baş verən proseslərin dünyaya çatdırlması ilə bağlı müəyyən catışmazlıqlar var. Bunun da səbəbi hakimiyyətin ölkə gənclərinə inanmamağı və onlardan istifadə etməməsi idi. Amma son günlər prosesləri aktiv şəkildə müşahidə edirəm. Mən əminəm ki, yaxın günlərdə elə informasiya sahəsində də üstünlük Azərbaycan tərəfində olacaq. İlk vaxtlar nisbətən informasiya sahəsində geriləməyimiz olayların gedişatını gözləməməyimizlə bağlı idi.
 
Sanki hökumət də buna hazır deyildi. Bu gün çox xoşdur ki, ölkə gəncləri hakimiyyətin göstərişini gözləmədən özləri bütün dünya dillərində Dağlıq Qarabağa aid olan faktları açıb ortaya qoyurlar. Bu davamlı olmalıdır. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycanın mübarizəsi haqq mübarizədir. Əsgərlərimiz torpaqlarımız uğrunda savaşır və şəhidlərimiz öz torpaqlarımızda düşür. Ermənistan qoşunları bizim torpaqlarımızda vurşur. Ermənilərin işğalçı tərəf olduğu bütün dünyaya çatdırılmalıdır və onların arxasında da Rusiya durur. Bu gün bütün Rusiya mətbuatı ermənilər tərəfindən çıxış edir və yanlış məlumatlar yayır.
 
Bu baxımdan Azərbaycanı sevən bütün dünya mətbuatı bizə dəstək olmalıdır. Bu gün dünya güclərinin heç biri Azərbaycana qarşı çıxış etmir. Onlar da anlayır ki, Azərbaycanın mübarizəsi haqdır. Beynəlxalq ədalət bizim tərəfimizdədir. Biz də bundan istifadə edib qısa zamanda torpaqlarımızı azad etməliyik”. /
 

Google+ WhatsApp ok.ru