Avropa Oyunlarına görə yəqin yollarda acından öləcəyik

«Avropa Oyunları vaxtı yəqin yollarda acından, susuzluqdan öləcəyik. İşə gedə bilməyəcəyik. Bu avtobus it günündədir, ey bu avtobus».
 
Bunu Gülçülük yaşayış massivinin sakini, qızmar havada avtobus gözləməkdən hövsələsi daralan, dili-dodağı quruyan Xalidə Quliyeva söyləyir. Onun dediyinə görə, yaşadığı qəsəbəyə marşrut adi vaxtlarda belə yaxşı işləmir, yarım saatdan bir gəlir, qışın soyuğunda, yayın istisində onu gözləməkdən cana doyublar.
 
«Avropa Oyunları vaxtı isə yəqin yollarda acından, susuzluqdan öləcəyik. İşə gedə bilməyəcəyik. İt günündədir ey bu avtobus, bunun əlindən evimi satlığa qoymuşam. Avropa Oyunları da başımıza oyun açıb. Böyüklər, şəhərin mərkəzində yaşayanlar kef edəcək, bizim kimilər də yollarda öləcək» - Xalidə Quliyeva söyləyir.
 
Həmsöhbətim bunu təsadüfən demir. İş ondadır ki, Avropa Oyunları zamanı yollarda sıxlığın qarşısının almaq məqsədilə Nəqliyyat Nazirliyi Bakıda bəzi marşrut xətlərinin istiqamətlərində dəyişiklik edib. Açılış və bağlanış günlərində bir sıra avtobus marşrutlarının xətləri qısaldılıb və ya dayanacaq yeri dəyişdirilib.
 
İki marşrutun - 93 və 82 saylı marşrutun xətti isə müvəqqəti olaraq dayandırılır.
 
Sərnişinlərin dediyinə görə, işə, evə haradan gedəcəklər, hələ dəqiq bilmirlər.Elə sürücülər də tam məlumatlı görünmürlər. Bəs vaxt, pul itkisinə görə sərnişinlər bir yana, sürücülərə kompensasiya veriləcəkmi?
 
«PLAN PLANDIR, NƏ GÜZƏŞT…»
 
«Plan plandır, nə güzəşt? Yəqin hər şey əvvəlki qaydada tələb ediləcək. Güzəşt olsa, bizi çoxdan xəbərdar edərdilər». «Koroğlu» metrostansiyası yaxınlığında söhbətləşdiyimiz sürücülərdən biri belə deyir. Ancaq adını söyləmir.
 
216 saylı avtobusun sürücüsü Emil Bağırovsa bunları söyləyir:
 
- Bizə deyiblər ki, Avropa Oyunları vaxtı bəzi marşrutlar azaldılacaq. İyunun 12-də, 28-də «Koroğlu» metrostansiyası ətrafında avtobuslar işləməyəcək.
 
- Bəs işləmədiyiniz və ya xətt qısaldılacağı üçün sizə kompensasiya ödəniləcək?
 
- Bizə elə söz deməyiblər, belə məlumat yoxdur bizdə.
 
- Bəs planla bağlı güzəşt olacaq?
 
- Məlumat yoxdur. Planı verməliyik.
 
- Sizcə, bu, ədalətlidir?
 
- Nə bilim, yola verməliyik də, ölkəmizdə birinci kərə olimpiya olur, o bir-iki günlə heç nə olmaz, bir də ölkəmizin fəxridir.
 
«PLANA GÜZƏŞT ETSƏLƏR, ELƏ BİLSİNLƏR KOMPENSASİYA VERİBLƏR»
 
Bu da 217 saylı marşrutun sürücüsü Fəzail Niyazovla söhbətimiz:
 
- Yol bağlı olsa, tıxac olsa, yəqin bizə də məhdudiyyət qoyulacaq. Gecikmələr olacaq, yəqin bir qrafik dala sürüşdürəcəklər.
 
- Yəni sizə qəti heç nə deməyiblər?
 
- Deyiblər ki, yol bağlı olacaq, Razin yoluyla işləyəcəksiniz.
 
- Bu, işinizə necə təsir edəcək?
 
- İşləyə bilməyəcəyik də. Gecikəcəyik, adam olmayacaq.
 
- Buna görə sizə kompensasiya verəcəklər?
 
- Nə deyim. Kim verəcək ki? Plana güzəşt etsələr, elə bilsinlər bizə kompensasiya ödəyiblər.
 
Avropa Oyunları zamanı xətti müvəqqəti dayandırılacaq 93 saylı marşrutun sürücüsü Tərlan Həsənlinin dediyinə görə, marşrutun dayandırılması haqda məlumatsızdır, onlara bu haqda heç nə deyilməyib: «Belə şey eşitməmişəm. Xəttin bağlanmağının nəyi yaxşıdır? Çox pisdir».O ki qaldı kompensasiyaya, sürücünün cavabı belədir: «İşləmədiyimiz halda bizə kompensasiya ödəməli olduqlarını düşünmürəm».
 
«BİZƏ BAYRAM LAZIM DEYİL, İŞ YERLƏRİ LAZIMDIR»
 
93 saylı marşrutun sərnişini, Nardaran sakini Rövşən Qasımov yarızarafat, yarıciddi deyir:
 
«Vəziyyət xarabdır. Bir yandan şoferlər üçün, bir yandan da bizim üçün. İstədiyimiz yerdə düşə bilmirik, yolumuzu da dəyişiblər. Bizə bayram lazım deyil, bizə iş yerləri lazımdır».
 
«SAHİBKAR İSTƏSƏ, KOMPENSASİYA TƏLƏB EDƏR»
 
«Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım» İctimai Birliyinin sədri Məzahir Rüstəmovun dediyinə görə, dəyən ziyana görə kompensasiya verilməsi sahibkarla hökumət arasında həll olunmalıdır: «Sürücü birbaşa nazirlikdən və ya departamentdən kompensasiya tələb edə bilməz. Marşrutların müvəqqəti dayandırılmasına və ya xətdəki dəyişikliyə görə dəyən ziyanı sahibkar tələb edə bilər. O, hüquqları pozulduğu halda məhkəməyə müraciət etməlidir. Ancaq bu, hansı formada əsaslandırılacaq, kompensasiya veriləcək-verilməyəcək, buna məhkəmə qərar verməlidir. Sahibkara kompensasiya ödəniləcəyi halda, təbii ki, sürücülərin də haqqı ödəniləcək».
 
Məzahir Rüstəmov bunu da əlavə edir ki, bir başqa çıxış yolu da var - sahibkar öz cibindən sürücüyə dəyən zərəri ödəyə bilər.
 
Sahibkarlar bu haqda AzadlıqRadiosuna danışmaq istəmədilər. Onlardan yalnız biri Əbülfət (soyadını söyləməkdən imtina etdi) tələm-tələsik söylədi ki, şirkətinə aid avtobusların marşrutunda dəyişiklik olacaq, ancaqkompensasiya haqda heç nə bilmir: «Yəqin olar, olmamış olmaz».
 
Nəqliyyat Nazirliyindən isə, iki gün cəhd etsək də, cavab ala bilmədik. Mətbuat xidmətinin rəhbəri gah çəkilişdə, gah tədbirdə oldu.
 
Nəqliyyat Nazirliyi iyunun 9-da öz saytında Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumatlar yerləşdirib. Məlumatda Zabrat-Maştağa, Mərdəkan-Buzovna-Qala-Bülbülə qəsəbələri, Ziya Bünyadov prospekti istiqamətindən gələn marşrutlarda dəyişikliklər ediləcəyi bildirilir. İki marşrutun - 93 və 82 saylı marşrutun xətti müvəqqəti dayandırıldığı deyilir. azadlıq.org /

Google+ WhatsApp ok.ru