Avropa Parlamentindən Milli Məclisə ilk reaksiyalar gəldi

Biz 100-dən çox siyasi məhbusları olan Azərbaycanda insan haqlarının vəziyyətinin beynəlxalq hüquq normalarına ciddi şəkildə uyğunlaşdırılmasını istəyirik.
 
Avropa Parlamentində Litvadan olan deputat Petras Austrevicius hesab edir ki, Milli Məclisin Euronest-I tərk etmək qərarı və Şərq Tərəfdaşlığı Proqramından imtina tövsiyəsi əslində özünütəcrid siyasətidir. Bu barədə Petras Austrevicius sentyabrın 15-də AzadlıqRadiosunun Brüsseldəki müxbiri ilə söhbətində bildirib.
 
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana dair ötən həftə qəbul etdiyi qətnaməyə Bakıdan bunun tam əksi olan reaksiya, həmin sənəddə səslənən problemlərin həllinə dair real addımlar gözləyirdilər:
 
Petras Austrevicius Milli Məclisin EuroNest-dən çıxma qərarına cavab verir
 
“Tamamilə əksinə, biz Azərbaycan rəhbərliyindən başqa addımlar – problemlərin həllinə cəhdlər, dialoq, fikir mübadiləsi gözləyirik. Biz 100-dən çox siyasi məhbusları olan Azərbaycanda insan haqlarının vəziyyətinin fundamental azadlıqların təməl prinsiplərinə, beynəlxalq hüquq normalarına ciddi şəkildə uyğunlaşdırılmasını istəyirik. Məncə, Avropadan gələn siqnallara doğru reaksiya verməyin vaxtıdır.”
 
Litvalı deputat hesab edir ki, Azərbaycan rəhbərliyi Avropa Birliyi ilə tərəfdaş olduğunu göstərmək, bir yerdə işləyə bilmək üçün insan haqlarının vəziyyətində çox ciddi irəliləyişlərə nail olmalıdır:
 
“Biz mesajımızı çatdırmışıq ki, tərəfdaşımız olduğunu göstərməsi, birgə işləyə bilməyimiz üçün Azərbaycanın sadalanan problemlərin həllində çox ciddi irəliləyişlər etməsi lazımdır. Mən Bakının qəbul etdiyi qərarı təcrid olunma, Avropa məhkəmələrindən uzaqlaşma hesab edirəm. Əslində Azərbaycanın inkişafı üçün onun Avropa ilə əməkdaşlığına real alternativ görmürəm.”  /

Google+ WhatsApp ok.ru