Avstraliya baş naziri: `Müsəlmanlar Avstraliyaya mühüm töhfələr verib`

Viktoriya İslam Şurası və Avstraliya İslam Muzeyinə baş çəkən Avstraliya baş naziri Malkolm Törnbull Avstraliyada yaşayan müsəlmanların ölkəyə mühüm töhfələr verdiyini söyləyib.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Törnbull dünən Viktoriya İslam Şurası və Avstraliya İslam Muzeyində olandan sonra, əksəriyyəti universitet tələbəsi olan avstarliyalı gənclərlə görüşüb.
 
"Burada hamının qarşısında Avstraliya Müsəlman cəmiyyətinə hörmət bəslədiyimi və dəyərləndirdiyimi bildirmək istəyirəm", - deyə Törnbull bildirib.
 
Avstraliya İslam Muzeyinə səfəri zamanı müsəlmanların ölkəyə müsbət töhfələrini daha da yaxından görmək imkanı olduğunu ifadə edən Törnbull, sözlərini belə davam etdirib: "Müzey müsəlmanların tarixən yenilikdə və təhsildə ön planda olduqlarının canlı göstəricisidir. Müsəlmanlar 150 ildən çox müddətdir ki, dünyanın ən müvəffəqiyyətli, çox mədəniyyətli cəmiyyəti olan Avstraliyada tamamlayıcı faktor olublar. Bizi bir yerdə tutan güc, bir-birimizə bağlayan amil qarşılıqlı hörmətdir".
 
Dünyanın müxtəlif ölkələrində İŞİD kimi terror təşkilatlarının əməliyyatlarına görә, avstraliyalı müsəlmanların da təzyiq altında olduğunu deyən baş nazir sözlərini bu cür ifadә edib: "Müsәlman cəmiyyəti üzvlərinin təzyiq altında olduqlarını bilirəm. Dəhşətli aktlar törədən, dininizə böhtan atan və təhqir yağdıran azlıqda və radikal olan kiçik bir qrup dünyanın üzərinə qara bir kölgə kimi səpələnib. Bu ekstremistlər İslamı səhv çatdıraraq, sünnilərlə şiələr arasında nifrət aşılayaraq, müsəlmanlarla müsəlman olmayanlar arasına xəncər vuraraq, münaqişə yaratmağa çalışırlar. Dünyada İŞİD-dən əziyyət çəkənlərin böyük hissəsi müsəlmanlardan ibarətdir. Onların qalib olmasına imkan verməyəcəyik".
 
Törnbull Avstraliyada yaşayan 500 minə yaxın müsəlmanın 40%-nin bu ölkədə anadan olduğunu söyləyib: "Nə qədər qəribə və qeyri-adi bir ölkəmiz var. Heç kəs güzgüyə baxıb "Mən avstraliyalıya bənzəmirəm" deyə bilməz. Çünki avstraliyalılar hər irqə, hər mədəniyyətə və hər dinə oxşayır. Biz hər hansı bir din və ya irqlə müəyyənləşmirik. Birgə siyasi dəyərlərə, demokratiyaya, azadlığa və hüquq qaydalarına, eləcə də bunların kökündə olan qarşılıqlı hörmətə səmimi qəlbdən sadiqik".
 
Törnbull çıxışını Qurani-kərimin Hucurat surəsinin 13-ci ayələrindən sitat gətirərək, davam etdirib: "Müqəddəs Quran bizə, "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik" deyir. İnsanlarımız və taleyimiz bir-birinə bağlıdır. Bu ölkənin vətəndaşları olaraq cəmiyyətimizi inkişaf etdirmək üçün birgə məsuliyyətə malikik"./
 

Google+ WhatsApp ok.ru