Avtomobil adına gələn metal-tullantı

Avtomobil adına gələn metal-tullantı

"Modern.az"da "Azərbaycanda avtomobil parkı: Xəstəlik, ölüm mənbəyi... - "Leş maşınlar"ın axını" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif Azərbaycanın avtomobil bazasındakı durumu təhlil etməyə səy göstərir.
 
Müəllif deyir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da avtomobillərin sayı artır, avtomobilləşmənin artmasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.
 
Yazı müəllifi hesab edir ki, bu məsələnin həllində ən önəmli addımlardan biri avtomobil parkının yenilənməsidir, belə ki, bununla bağlı dünyada tələblər sərtləşdirilir.
 
Azərbaycana gəlincə, müəllif ekspertlərə istinadən bildirir ki, bununla bağlı müəyyən addımlar atılsa da, yetərli deyil.
 
Müəllifin deməsinə görə, Azərbaycanda dövriyyəyə buraxılan avtomobil vasitələrinə atmosferə zərərlərə görə "avro-4" ekoloji normaları tətbiq edilir, beləliklə 2014-cü il aprelin 1-dən ölkəyə idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, "avro-4 ekoloji normalara uyğun olması da əsas götürülür.
 
Yazı müəllifi vurğulayır ki, ölkəyə yeni minik avromobillərinin gətirilməsi isə azalır, belə ki, 2015-ci ildə ölkəyə 20801 yeni avtomobil alınmışdısa, bu rəqəm 2018-ci ildə 9782-ə düşüb, "ikinci əl" satışları isə 2015-ci ildə 1475 ədəd olubsa, 2018-ci ildə bu rəqəm sürətlə artaraq 16495-ə çatıb.
 
Müəllifə görə, daha təhlükəli bir məsələ ölkəyə gətirilən dizellə işləyən avtomobillərdir, Avropa ölkələrində belə avtomobillərdən istifadə şərtləri ağırlaşdırılır, bu halda bu avtomobillər Azərbaycan kimi ölkələrin bazarına ayaq açır.
 
"2018-ci ildə Azərbaycana 7845 avtomobil idxal olunub, bu avtomobillərdən 40 faizinin orta idxal dəyəri cəmi 4,601 dollar təşkil edir ki, həmin qiymətə ancaq təhlükə mənbəyi olan "metal tullantı" almaq mümkündür" deyə müəllif bu sahədə durumu diqqətə çatdırır.
 
Müəllif deyir ki, "106.3 radiosu"nda "Masterclass" verilişinin aparıcısı Raqif Raufoğlu "modern.az"a bildirir ki, hazırda xaricdən gətirilən maşınlar ölkədə təkrar bazarı köhnəldir: "Çünki yeni avtomobillərin qiymətləri bahadır. Yeni avtomobillərin qiyməti bahadır deyə, biz təkrar köhnə avtomobillərə qayıdırıq. Kredit şərtləri sərf eləmir deyə, hamı gedib köhnə avtomobil gətirməyə çalşır. O mənada avtomobil parkımız köhnəlməyə doğru gedir".
 
R.Raufoğlu deyir ki, Azərbaycanda daxili bazarın yenilənməsi üçün yeni avtomobillərə güzəşt etmək, çox ciddi addımlar lazımdır ki, köhnə park yığışdırılsın.
 
Ekspert hesab edir ki, ən böyük problem odur ki, "Avro 4" tələblərinə uyğun maşın tələb edilir, amma öncə yanacaq o tələbə cavab verməlidir ki, həmin "Avro-4" standartlarına uyğun avtomobilləri gətirmək mümkün olsun.
 
"Acınacaqlı durum odur ki, bu gün dünyanın istənilən ölkəsindən Gürcüstana el dili ilə desək "leş" maşınlar gətirilir. Ondan da acınacaqlısı odur ki, insana qənim kəsilən bu avtomobillər Azərbaycana daşınır, demək olar ki, belə avtomobillər Gürcüstandan Azərbaycana "axır"" R.Raufoğlu belə deyir.
 

Google+ WhatsApp ok.ru