Avtomobil oğurluğu artıb

Son dövrlərdə avtomobillərdən oğurluq halları artıb. Sığorta şirkətlərdən verilən məlumata görə, belə hallar xüsusilə də mart ayında çoxalıb. Adi qaydada bir neçə ayda 1 dəfə avtomobildən oğurluq halına rast gəlinirdisə, ötən ay hər şirkətə bununla bağlı bir neçə müraciət edilib. Sığortaçılar bildirirlər ki, avtomobilin şüşəsi sındırılaraq içindəki dəyərli əşyalar, bundan əlavə avtomobilin özünə aid hissələr oğurlanır. Regionlarda isə hətta bəzi hallarda avtomobillər qaçırılır.
 
Bir ayda 7 avtomobil oğurluğu müraciəti
 
Avtomobillərdən oğurluq halları ilə bağlı daha çox “Rəvan Sığorta” şirkətinə müraciət edilib. Şirkətin sığorta hadisələri departamentinin rəhbəri Rüfət Quliyev bildirib ki, adi qaydada bir neçə ayda bir dəfə avtomobildən oğurluq halına rast gəlinir. Amma ötən ay birdən-birə bununla bağlı sığorta şirkətinə 7 müraciət daxil olub.
 
 
“Buta Sığorta”: “Mart ayında 4 oğurluqla müraciət edilib”
 
Mart ayında avtomobildən oğurluq hallarının artdığını “Buta Sığorta” şirkətində də etiraf edirlər. Şirkətin sığorta hadisələri departamentinin rəhbəri Elçin Həsənov bildirib ki, ötən ay 4-5 belə oğurluq halı ilə rastlaşıb. Bu avtomobillərdən 2-si isə “Buta Sığorta” şirkətindən sığortalı olub. Hadisələrin hamısı 4 mikrorayon ərazisində baş verib. Belə ki, mart ayının əvvəlində oğurluq məqsədi ilə “Hyundai” avtomobilin şüşəsi sındırılıb. “Jeep Grandsheroke” avtomobillərinin şüşəsini isə sındırmaq mümkün olmayıb. Amma şüşə çatlayıb. Avtomobillərə dəyən 600-800 manatlıq ziyanı sığorta şirkəti ödəyib.
 
Oğrular avtomobil sahiblərini izləyir
 
Oğrular adətən avtomobil sahibini bir müddət izləyirlər.Avtomobilə hansısa qiymətli əşyanın qoyulduğunu görəndən sonra şüşəni sındıraraq bu əşyaları götürürlər. R.Quliyev pul kisəsi, smartfon, bahalı noutbuk və digər əşyaların avtomobildən oğurlanması halları ilə qarşılaşdıqlarını deyir: “Məsələn, belə oğurluq halları görə sığortalı müştəriyə böyük ziyan dəyib. Fevral ayının 2-də Binəqədi rayonunda “İnfiniti” avtomobilindən oğurluq edilib. Avtomobilin şüşəsini sındıran oğrular 2500 manatlıq “Apple” noutbukunu aparıblar”.
 
Sığorta şirkətləri yalnız avtomobilə dəyən ziyanı ödəyirlər
 
Amma belə hadisələrdə sığorta şirkətləri oğurlanan əşyaya görə deyil, yalnız avtomobilə dəyən ziyanı ödəyirlər. Çox vaxt isə avtombilə dəyən ziyan sadəcə şüşənin sındırılması və ya qapının əzilməsi olur. Bu isə 100-200 manat arasında zərər deməkdir. R.Quliyevin sözlərinə görə, belə kiçik zərərlər isə adətən azadolma məbləğinə düşür. Ona görə də avtomobil sahibləri sığorta ödənişi üçün müraciət etmirlər. Məsələn, son belə hadisə mart ayının 28-də baş verib. Yasamal rayonunda “Nissan X Trail” avtomobilinin şüşəsini sındırıblar. Amma oğurlamağa bir şey tapmayıblar. Avtomobilə 140 manat ziyan dəyib. Bu məbləğ isə azadolma məbləğinə düşüb.
 
Daha çox “VAZ 2107” və “Daewoo Centra”lar qaçırılır
 
Bakı ilə yanaşı regionlarda da avtomobil oğurluğu halları artıb. Sığorta ekspertləri hətta regionlarda oğurluqla yanaşı avtomobillərin qaçırılması hallarının da rast gəlindiyi deyir. Daha çox qaçırılan maşınlar isə “Vaz 2107” və “Daewoo Centra” avtomobilləridir. Sığorta eksperti Qismət Əsədov bildirib ki, avtomobil oğruları daha çox ucuz və təhlükəsizlik sistemi olmayan avtomobilləri qaçırmağa üstünlük verirlər.“Vaz 2107 avtomobillərini bu səbəbdən qaçırmaq çox asandır. Bunun üçün ya şüşəni sındırırlar, ya da müxtəlif alətlərlə qapını asanlıqla aça bilirlər. Məsələn, mart ayında Şirvan şəhərində belə bir avtomobil oğurluğu olub: “Qonşunun “Vaz 2107” avtomobilini qaçırıblar. Avtomobil hələ də tapılmayıb”. Ekspertin sözlərinə görə, ucuz avtomobilləri qaçırılarkən adətən onları tapmaq mümkün olmur. Bu avtomobillər ya nömrəsi dəyişdirilərək sürülür ya da sökülərək ehtiyat hissələri şəklində satılır.
 
Avtomobildə qiymətli əşya saxlamaq olmaz
 
Sığorta eksperləri bildirirlər ki, oğurluq halları adətən gecə saatlarında nəzarətsiz ərazilərdə, kamera və nəzarətçi olmayan yerlərdə baş verir. R.Quliyev bildirib ki, rast gəlinən bütün oğurluq halları nəzarətçi və kamera görüntüsü olmayan ərazilərdə baş verib.Ona görə də sürücülər belə risklərdən qorunmaq üçün avtomobili nəzarətsiz yerlərdə parklamaqdan çəkinməlidirlər. Bununla yanaşı, sürücülər oğurluq halları ilə qarşılaşmamaq üçün bahalı əşyaları, yəni pul kisəsi, smartfon, noutbuk, zinət əşyalarını avtomobildə saxlamamalıdırlar. (fins.az)
 

Google+ WhatsApp ok.ru