Bilə-bilə yalan reklam etməyə görə cəzalar ağırlaşdırılır

Azərbaycanda bilərəkdən yalandan reklam etməyə dair bütün hallar üzrə cəzalar ağırlaşdırılır, yeni cəza sanksiyaları tətbiq edilir. 
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 198-ci (Bilə-bilə yalan reklam etmə) maddəsinə əlavə və dəyişikliklər nəzərdə tutulub. Maddənin 1-ci bəndinə edilən əlavə və dəyişikliyə görə, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək islah işləri, yaxud 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Bəndin hazırda qüvvədə olan cəzası isə belədir: 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilə qədər həbs.
 
2-ci bəndə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliyə görə isə eyni əməllər külli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Bu bəndin də hazırda qüvvədə olan variantı belədir: İki ilədək müddətə islah işləri və ya eyni müddətə həbs.
 
Layihə Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. 
 

Google+ WhatsApp ok.ru