Avtovağzaldan sürücülərə xəbərdarlıq

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən başlayaraq martın 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.
 
Bunu Report-a açıqlamasında kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
 
M.Abdullayevin sözlərinə görə, adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7 500 - 8 500 sərnişin daşınırdısa, bayram ərəfəsində 650-700 nəqliyyat vasitəsilə 16-17 min sərnişin yola salınması planlaşdırılır.
 
"Bakı Beynəlxalq Avtovağzal Kompleksi 10 gün əvvəlcədən həm onlayn, həm kassalarında bilet satışı həyata keçirməyə başlayıb. Bundan başqa, bayram günlərində 250-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq reysə buraxılacaq", - M.Abdullayev əlavə edib.
 
Növbə rəisi hər bayramda olduğu kimi, bu dəfə də biletlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət Qiymət Nəzarət Komissiyasının fəaliyyət göstərəcəyini qeyd edib: "Sərnişindaşıma zamanı və ya bilet alarkən nöqsan ortaya çıxacağı halda, həmin nəqliyyat vasitəsinin sahibkarı və sürücüsü reysdən uzaqlaşdırılacaq". /

Google+ WhatsApp ok.ru