Ayətullah Məkarim Şirazi Roma Papasına məktub yazdı

Tanınmış İslam alimi Ayətullah Məkarim Şirazi dünya katoliklərinin lideri Papa Fransiskə İraqda baş verən son hadisələrlə bağlı məktub yazıb. AzadXeber.net məktubun mətnini təqdim edir: 
 
"Bismillahir Rəhmanir Rəhim
 
Hörmətli katoliklərin dini lideri Papa Fransisk 
 
Salam və hörmətlə. Son vaxtlar Vatikan rəsmiləri İslam alimlərindən "İŞİD" terror təşkilatının Şimali İraqda törətdiyi terror hücumlarına qarşı xristianlara kömək etmələri barədə xahiş etdilər. 
 
Eyni zamanda, sizin özünüz də BMT-nin baş katibindən istədiniz ki, İraqda yaşayan xristianlar üçün bütün imkanlarını səfərbər etsinlər. 
 
Sizlərin bu təkliflərini səmimiyyətlə qəbul edir və səmavi dinlərin nümayəndələrinin, liderlərinin və rəhbərlərinin insanlıq adına işlənən bu cür cinayətləri qınamasını gözləyirəm. Bu xüsusda diqqətinizi iki məsələyə çəkmək istəyirəm: 
 
1. Uzaqdan-yaxından dinlə əlaqəsi olmayan bu cür təkfirçi qruplar bütün bəşəriyyətin başına böyük bəla olub. Bizlər uzun illər ərzində bu qrupların təhlükə miqyasını dünyaya çatdırdıq. Şəxsən üç il əvvəl Vatikan parlamentinin sədri ilə keçirdiyim görüşdə belə demişdim: "Demək olar ki, bütün çıxışlarımda və dərslərimdə bu cür ifratçı qrupların fəaliyyətlərini şiddətlə qınayıram. Bu cür azlıqda olan qrupların əməlləri İslama aid edilməməlidir".
 
Qurani-Kərimin əmrinə əsasən İslam Peyğəmbəri (s) bəşəriyyətə rəhmət olaraq göndərilmişdir. Lakin çox təəssüf ki, bəzi siyasətçilər, rəy sahibləri və alimlər bu barədə fikir bildirməkdən çəkinmiş və hətta fikir bildirənləri də qınamışlar. Əgər bəzi qərb ölkələri və bölgədə yerləşən dövlətlər bu cür ifratçı qruplara maddi və mənəvi yardım göstərməyi dayandırsa belə qruplar özbaşına məhv olmağa məhkumdur. Bu həssaslığın göstərilməyə başlanacağı andan etibarən günahsız insanlar ölməyəcək, qadınlar və uşaqlar təhlükəsizliklik və sülh şəraitində yaşayacaqlar. 
 
2. Bizim şəxsi gözləntimiz Vatikanın, sizin rəhbərliyiniz dövründə edilən zülmlər və qırğınlar qarşısında daha diqqətli və şəffaf olmasıdır. Bu zülmlərin, törədilən cinayətlərin və qırğınların istər müsəlman ölkələrində yaşayan az saylı xristianlara qarşı, istərsə də xristian ölkələrindəki azlıqda olan müsəlmanlara qarşı olmasından asılı olmayaraq heç bir fərqi yoxdur. Çünki zülm, dünyanın harasında olursa olsun zülmdür. 
 
Allah-Təaladan sizin və həmkarlarınızın müvəffəq olmasını diləyirəm".

Google+ WhatsApp ok.ru