Ayətullah İsa Qasim: `Bəhreyn xalqı heç vaxt təslim olmayacaq`

Ayətullah Şeyx İsa Qasim verdiyi bir açıqlamada Əl-Vifaq Cəmiyyəti baş katibinin dərhal azad edilməsinin lazım olduğunu vurğulayıb və bu ölkə xalqının rəhbərini heç vaxt unutmayacağını söyləyib.
 
Maide.az-ın məlumatına görə, açıqlamada daha sonra belə deyilir: " Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakimə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu, Bəhreyn xalqının əksəriyyəti və eyni şəkildə, hüquqi qurumların da ortaq fikridir.
 
Şeyx Salman haqqındakı mühakimənin gecikdirilməsi tamamilə siyasi səbəblərə əsaslanır. Onun nəzarətində saxlanması prosesinin uzadılması ağır ittiham mənasına gəlir. Bu da ölkənin milli maraqlarına ziddir və ölkədəki vəziyyətin daha da dəhşətli hala gəlməsinə yol açacaq. Əgər Şeyx Əli Salmanı özünüzə tabe etdirmək üçün bunu edirsinizsə, unutmayın ki, o heç vaxt təslim olmayacaq. Bəhreyn xalqı da bu proses daxilində keçirdikləri aksiyalarla rəhbərlərini heç vaxt unutmayacaqlarını göstərdilər.
 
Şeyx Əli Salman haqqında tərtib edilmiş və ona bir sıra ittihamların elan edildiyi belə bir dosyenin ədalətlə və vətəndaşlıq hüquqları ilə tamamilə zidd olduğu hər kəsə məlumdur. Ona və Bəhreyndəki nüfuzlu liderlərə qarşı bu mövqe və onların nəzarət müddətlərini uzatmaq, ölkədəki zorakılıq və nifrəti qızışdırmaqdan başqa bir fayda verməyəcək. Bu, ölkəmizdəki hər cür islah və inkişafa da mənfi təsir göstərəcək."

Google+ WhatsApp ok.ru