Azərbaycanda zavod direktoru işçilərə qarğış etdi: “Allah bəlalarını versin!”

Gəncə Detal Aliminium Zavodunda işçilərlə direktor arasında qalmaqal baş verib

Gəncə Detal Aliminium Zavodunda işçilərlə direktor arasında qalmaqal baş verib. Zavod işçiləri etdikləri şikayətdə bildiriblər ki, zavodun direktoru Cəmil Səfərov işçilərə ayrıseçki münasibəti bəsləyir.
 
Zavodun mühəndisi Sitarə Bağırovanın verdiyi məlumata görə, Cəmil müəllim artıq bir ilə yaxındır ki, onlara heç bir tapşırıq vermir.
 
“Əlimizdə olan avadanlıqları da alıblar. Kompüterlərimizi alıblar. Bizə heç bir tapşırıq vermirlər. Bir ilə yaxındır ki, boş-boşuna gedib-gəlirik. İş görmədən maaş alırıq. Bu da sonra bizim ziyanımıza olacaq”, - deyə Sitarə Bağırova bildirib.
 
Sitarə xanım deyir ki, Cəmil müəllim onlarla ona görə düşünüşüb ki, baş verən haqsızlığa göz yummayıblar.
 
“Biz Cəmil müəllimdən şikayət etmişdik. İndi bunun əvəzini bizi incitməklə çıxır. Bizi işdən qovmaq üçün bəhanələr axtarır. Hər vəchlə çalışır ki, bizi işlərdən kənarda saxlasınlar”, - deyə Sitarə Bağırova şikayətlənib.
 
Problemin nədən bəhrələndiyini öyrənmək üçün zavodun Gəncə filialının direktoru Cəmil Səfərova əlaqə saxladıq. Zavodun direktoru ANS-ə bildirib ki, səslənən bütün ittihamlar əsassızdır. Direktorun sözlərinə görə, bir neçənəfər birləşərək zavodun iş prinsiplərinə xələl gətirirlər.
 
“Aprel ayında Gəncəyə güclü yağış yağmışdı. Bu səbəbdən bir neçə nəfər sözü bir yerə qoyublar və bir neçə gün işə gəlməyiblər. Biz də, sadəcə sənəd xatirinə onlara xəbərdarlıq yazmışıq. Onlar da bundan qəzəbləniblər və bizə qarşı saymamazlıq edirlər”, - deyə Cəmil Səfərov bildirib.
 
Direktor deyir ki, başda Sitarə xanım olmaqla, bir neçə işçi onlara veriln tapşırıqları yerinə yetirməkdən imtina edirlər. Hətta iş o yerə çatıb ki, onlar məhkəməyə də üz tutublar. Məhkəmə də qərar çıxarıb. Onun sözlərinə görə, bir qrup işçi indi zavodda öz bildiklərini edirlər.
 
Avadanlıqların və kompüterlərin işçilərdən alınmasına gəlincə, Cəmil Səfərov bunu belə izah etdi:
 
“Onlar şikayət ediblər ki, bizə kompüterdə yazı yazdırırlar. Biz mühəndisik. Bizə imkan vermirlər öz işimizi görək. Bizi katibə kimi işlədirlər. Ona görə də, tapşırıq vermişəm ki, kompüterləri götürsünlər. Mühəndisdirlər, onlara verilən tapşırıqları yerinə yetirsinlər”, - deyə Cəmil Səfərov bildirib.
 
Direktor sonda işçilərin haqsız davrandıqlarına görə, qarğış etdi: “Mənim adımı haqsız pisə çıxarırlar. Mən istehsal adamıyam. İnsidentdən uzağam. İstehsalatla məşğulam. Mənim işimə əngəl vuranları Allaha tapşırıram. Allah bəlalarını versin!”.

Google+ WhatsApp ok.ru