Azərbaycan məmurlarına beynəlxalq sanksiyalar tətbiq olunacaq?

Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı Qərbin sanksiyalar qəbul etməsi məsələsi vaxtaşırı gündəmə gətirilir. Bu istiqamətdə tanınmış beynəlxalq insan haqları təşkilatları, o cümlədən ölkə müxalifəti tərəfindən çağırışlar da edilir. Ancaq hələ ki bu çağırışlar elə çağırış olaraq qalır.
 
Diqqət çəkən məqam isə ölkənin daxilində bəzi qüvvələrin sözügedən sanksiyaların qəbul edilməsini səbirsizliklə gözləməsidir. Həmin qüvvələrin apardığı təbliğata diqqət etdikdə belə qənaət yaranır ki, hansısa məmurlara sanksiyalar tətbiq olunması ölkədə demokratiyanın tam bərqərar olmasının açarı rolunu oynayacaq, hər şey bununla dəyişəcək.   
 
Politoloq Qabil Hüseynli isə hesab edir ki, əslində bunlar yanlış düşüncələrdir. Əvvəla, hansısa məmurlara sanksiyalar tətbiqi olsa-olsa müxalifətin əlində hakimiyyəti tənqid etməsi üçün bir arqument ola bilər. İkincisi, Qabil Hüseynli bildirdi ki, Qərb dairələrində Azərbaycanın ayrı-ayrı məmurlarına qarşı sanksiya qəbul etmək barədə ciddi surətdə düşünüldüyü inandırıcı deyil:
 
“Bəzi şəxslər və QHT-lər tərəfindən belə çağırışlar olsa da rəsmi olaraq belə bir qərarın qəbul ediləcəyi gözlənilən deyil. Çünki hökumətlər tamamilə başqa kateqoriyalarla hərəkət edir. Bu saat gündəmdə Rusiyadan qaz asılılığını minimuma endirmək və onu tamamilə aradan qaldırmaq durur. Gündəmə isə Azərbaycan özünün qaz potensialı ilə möhkəm daxil olub. Artıq sifarişçilər bu barədə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparır. Belə bir şəraitdə, yəni Azərbaycanın həm Avropa Birliyi üçün, həm də ümumiyyətlə Qərb dünyası üçün önəminin durmadan artdığı bir dönəmdə sanksiyalar məsələsi demək olar heç bir aktual əhəmiyyət kəsb etmir, nə Qərbə, nə də demokratiya tərəfdarlarına heç nə verə bilməz. 
 
Bu məsələ üzərində demokratik arzular qurmağın özü də xəyaldır. İnsanlar demokratiyanı müxtəlif şəkildə arzulayırlar və demokratik təsisatları qurmağı müxtəlif yollarla həyata keçirmək niyyətindədirlər. Məsələn, hakimiyyət belə hesab edir ki, Azərbaycan cəmiyyəti özünün tarixi ənənələrinə uyğun olaraq, indiki halında demək olar kifayət qədər demokratik göstəricilərə malik siyasi sistemə malikdir. Çoxpartiyalı siyasi sistem var, azad mətbuat nümunələri var, vətəndaş cəmiyyəti təşkilatları var, müxalifət partiyalar var. Düzdür, razılaşmadığımız məqamlar da var bu məsələlərdə. Amma hər halda, o məsələlərin düzəldiləcəyi qənaətindəyəm. Ən azından Avropa Oyunları ərəfəsində bu məsələlərə bir əl gəzdiriləcəyini güman edirəm. Qərbdə də bu qənaət mövcuddur. Sanksiyaları istisna edən daha bir amil budur".
 
Politoloqun sözlərinə görə, kimlərsə düşünürsə ki, ayrı-ayrı məmurlara sanksiya tətbiqi Azərbaycanda qərbtipli açıq cəmiyyətin qurulmasına gətirib çıxaracaq, yanlış düşüncədədirlər. Belə bir cəmiyyətin qurulmasını hələ Azərbaycanda həyata keçirmək o qədər də asan məsələ deyil: “Vətəndaş cəmiyyətinin, açıq tipli cəmiyyətin qurulması və buna uyğun olaraq da seçkilərin keçirilməsi məsələsi hələ uzun illər vaxt apara bilər. Bunu birdən-birə sıçrayışla həyata keçirmək cəhdi arzuolunmaz fəsadlar verə bilər. Vətəndaş cəmiyyətinin sosial xarakterli olması da prinsipial əhəmiyyətə malikdir. 
 
Qərb mənim anladığıma görə, Azərbaycan hakimiyyətini özündən qaçıran, uzaqlaşdıran hərəkətlərə yol verməyəcək. Qərb əksinə, Azərbaycanı özünə yaxınlaşdıran addımların atılmasına cəhd göstərəcək. Ona görə də hazırda sanksiyalar haqqında danışmaq ciddi xarakter daşımır. 
 
Hətta nəzəri baxımdan hesab edilsə ki, hansısa məmurlara sanksiya tətbiqi reallaşacaq, bunun ölkə daxilindəki proseslərə ciddi təsir edəcəyi çətin məsələdir. Ortada Belarus nümunəsi var. Uzun illərdir Belarusun bir sıra məmurlarına sanksiyalar tətbiq olunmuşdu.  O zaman bir çoxları düşünürdü ki, bununla Belarusda demokratiya tam bərqərar olacaq və sair. Müxalifət də ümid edirdi ki, məmurlara sanksiya tətbiqi daxildə müxalifətin mövqeyini gücləndirəcək. Ancaq fakt bundan ibarətdir ki, heç nə dəyişmədi".  musavat  /

Google+ WhatsApp ok.ru