Zahid Oruc: “Amerikada ”Azərbaycanla nə etmək lazımdır` sualının cavabını hələ tapmayıblar`

Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyi müşahidə olunur. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bu yaxınlarda Bakıya səfərindən sonra münasibətlərdə bir istiləşmə müşahidə olunmağa başlamışdı. Belə mənzərə yaranmışdı ki, xanım Nulandın gəlişi münasibətlərdəki soyuqluğu aradan qaldırdı. Ancaq aradan çox keçməmiş bəlli olur ki, sadəcə müvəqqəti “atəşkəs” imiş.
 
ABŞ-ın nüfuzlu qəzeti “The Washington Post”un Azərbaycan hökumətini sərt tənqid etməsi ilə “atəşkəs” pozulub. Qəzetin sərt tənqidi Bakının dərhal reaksiyasına səbəb olub. Dövlət qəzeti “Azərbaycan” və hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı “Yeni Azərbaycan” qəzetləri ABŞ-ın və bu ölkənin prezidenti Barak Obamanın ünvanına kəskin ittihamlar yer almış məqalələr dərc etməyə başlayıb.
 
“Azərbaycan” qəzetində dərc olunan “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı yazıda Barak Obama despot adlandırılır, onun dünyaya qan uddurmaq siyasəti yeritdiyi iddia olunur.
ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan vəziyyəti “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc bildirdi ki, ABŞ-ın siyasi elitasında Azərbaycana münasibətdə iki yerə bölünmüş xətt var. Bunlardan birini “kəskin siyasi xətt” tərəfdarları adlandırmaq olar: “Onlarda belə yanaşmalar mövcuddur ki, Azərbaycanı iqtisadi, siyasi, geopolitik, Ukrayna hadisələri, Avropa Birliyi ilə əlaqələrindəki mövqeyinə görə cəzalandırmaq lazımdır. İkincilər isə hesab edirlər ki, Azərbaycanın vəziyyətini düzgün dəyərləndirərək onunla daimi işləmək, regionda Amerika-Azərbaycan əlaqələrini qoruyub saxlamaq, onu inkişaf etdirmək və gələcək üçün birgə çalışmaq lazımdır. Hesab edirəm ki, bütün baş verənlər həm də Con Kerrinin Azərbaycanla bağlı baxışlarının sona qədər müsbət olmadığından qaynaqlanır. Bəllidir ki, Con Kerri 1990-cı ildə Azərbaycanın əleyhinə sənədlərə imza atmış şəxsdir, eyni zamanda hazırda da o, ermənilərlə yaxşı əlaqələrə malikdir. ABŞ-da konkret olaraq Azərbaycana münasibətin siyasi planı tam hazır deyil. Amerikada ”Azərbaycanla nə etmək lazımdır" sualına cavab hələ ki tapılmayıb. 
 
Azərbaycanın, onun hakimiyyətinin manevr etməsi, Rusiyanın təsirlərindən özünü qorumaq üçün Qərblə, ABŞ-la münasibətlərin korlanmış münasibət kimi göstərilməsi kimi versiyaları ciddi qəbul etmirəm. Çünki ölkəmizdə ABŞ-la bağlı keçirilən dinləmələr heç bir halda və bütövlükdə antiamerikanizmi körükləmək üçün deyil. Hər iki dinləmədə iştirak eləyən insan kimi deyə bilərəm ki, orada Amerika ilə Azərbaycanın əməkdaşlığının 2008-ci ilə qədər çox böyük bəhrələr verdiyini, bölgədəki iqtisadi, siyasi sistemi, geopolitikanı dəyişdiyini vurğulayırdıq. Məncə, bu, çox yaxşı mövqedir. 
 
Görünür, yuxarıda qeyd etdiyim kəskin xətdəki dairələrin işi vüsət almaqdadır. Biz onları Amerika dövlətinin münasibəti saymırıq. Devid Kramerin, Riçard Kozlariçin, bir sıra QHT-lərin bəyanatlarının, hesabatlarının tam da ABŞ-ın siyasi administrasiyasının diktəsi altında yazıldığını düşünmək çox yanlışlıq olardı. Amma fakt ondan ibarətdir ki, bu gün Barak Obama dövrünün siyasi qərar sahibləri hələ də Azərbaycanla münasibətləri tam qərarlaşdıra bilməyiblər. Ona görə də hər hansı bir addımımız, bağlı qapılar arxasında verilmiş hər hansı bir qərara münasibət avtomatik olaraq “New-York Times”dan və digər media orqanlarından başqa bir münasibətlə üzümüzə qayıdır".
 
“ABŞ-a qarşı qədərindən artıq tənqidi münasibətlərin Azərbaycanda müxtəlif rəsmilərin və deputatların dilindən səslənməsinin ABŞ-dan adekvat cavablar gəlməsində rolu varmı” sualına Z.Oruc belə cavab verdi: “Təbii ki, bunların da müəyyən təsirləri var. Amma gəlin biz onu qiymətləndirək ki, Azərbaycan Qərbi qane etməyən nələri həyata keçirib, biz nə etmişik ümumiyyətlə? Həqiqətənmi bölgədə demokratiyanın vəziyyəti o dərəcədə ağırlaşıb ki, Qərb birdən-birə bu regionun itirildiyinin fərqindədir və onlar birdən-birə bölgə üçün ayağa qalxır? Yox. Əslində hər kəs bunu görür ki, bu gün Rusiya və Qərb konfrantasiyasını nəzərə almasaq, Avropa ilə, Amerika ilə münasibətləri əvvəlki kimi saxlamaqda maraqlıdır. Biz NATO-nun proqramlarından imtina eləmişikmi? Xeyr. Azərbaycan hansısa iqtisadi proyektlərdən çıxıbmı? Yox. Yaxşı, belə olduğu təqdirdə Azərbaycanı ən kəskin şəkildə təftiş etməyin mənası nədir!? Fərdi mövqelərə, fərdi çıxışlara yer ayırmaqla siyasət qurmaq çox yanlışdır. Qərbdə çox sevilən bir söz var. Deyirlər ki, qəzet məqalələrinə görə dövlət siyasəti qurulmamalıdır. Buyursunlar, bütün diplomatik kanallar açıqdır, Amerikanı qane etməyən məsələləri xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etmək mümkündür. Azərbaycan məsələləri hər zaman müzakirə etməyə hazırdır”.
 
Deputat sonda onu da qeyd etdi ki, Azərbaycan həbsxanalarında bir nəfər də qalmasa, müxalifətlə ən yüksək səviyyədə görüşlər, dialoq davam olsa da ABŞ-dakı bəlli dairələr Azərbaycana münasibəti dəyişməyəcəklər: “Yəqin Azərbaycanı indi də başqa hansısa bəhanələrlə təftiş etməyə başlayacaqlar. Bu dəqiqdir. Mən düşünmürəm ki, Azərbaycanın siyasi tənqidin altına salınmasının başlıca səbəbi həbsxanada olan hansısa 5-6 amerikapərəstə görədir”.  musavat /

Google+ WhatsApp ok.ru