Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqəsində rəzalət davam edir

Sərhəd-keçid məntəqələrində yaşanan problemdən əcnəbilər də yaxa qurtara bilmirlər, insanlar təhqirlərə məruz qalırlar.
 
Zəlimxan Məmmədli: “Əcnəbilərin gözündə gözəl görünmək istəyiriksə...”
 
Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqələrində yaşanan rəzalətin miqyası günbəgün genişlənməkdədir. Gömrük məntəqəsində insanlar rüşvətxorluq, özbaşınalıq halları ilə üzləşirlər. Bu problem son illərdə adi hal alıb.
 
İndiyə qədər dəfələrlə mətbuatda bu məsələ gündəmə gətirilsə də, problem həll olunmayıb. Maraqlıdır ki, bu problem daha çox Azərbaycan tərəfində yaşanır. Ailələri üçün çörəkpulu qazanmağa gedən soydaşlarımız qayıdarkən sərhəd keçid məntəqələri əməkdaşlarının “ov”una çevrilirlər, təhqirlərə məruz qalırlar və onların əşyaları müsadirə olunur. 
 
Bir müddət öncə türkiyəli turistlər də Gürcüstan-Azərbaycan sərhədində bu cür problemlərlə üzləşmişdilər. Rüsvayçılıq yaşanmışdı. Maraqlıdır ki, artıq bu problemdən əcnəbilər də yaxa qurtara bilmirlər. Bu isə, dövlətlərarası problemlərin yaranmasının təməlini qoyur.
 
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu cür problemin getdikcə artacağını bildirdi: “Vətən sərhəddən başlayır. Sərhəd bu cür olursa, demək vətənə münasibət də belədir. Qonşu Gürcüstana baxsaq, bunun önəmini açıq şəkildə görərik. İnsanlar gülərüz və rahatdırlar. Təzyiqlərə məruz qalmırlar. Azərbaycanda əgər korrupsiya adi haldırsa, icra başçıları, rəsmi strukturlar və başqa qurumlar kommersiya qurumu rolunda çıxış edirlərsə, vəzifəyə gələnlər qazanc üçün gəlirlərsə, yaxud verdikləri pulu çıxarmaq istəyirlərsə, bu cür hallar çox olacaq. Sərhəd keçid məntəqəsinə namus, qeyrət, vətən gözü ilə baxsaq, bir saatlıq müddət lazımdır ki, bütün qayda-qanunları düzəldək. 
 
Əgər illərlə bu problem düzəlmirsə, demək, cəmiyyətimizdə olan problemlər ora da təsir edir. Əgər ingilis, türk və başqa xalqların nümayəndələrini incidirlərsə, demək, vətən anlayışı yoxdur. Siyasi sistemdə olan naqisliklər qaldıqca, ürək bulandıran hadisələr də çox olacaq. Avropa Oyunlarını yüksək dəyərləndirirəm. Biz əcnəbilərin gözündə gözəl görünmək istəyiriksə, sərhədlərimizdən başlamalıyıq. Xüsusi bir kampaniyalara ehtiyac yoxdur. Süni metodlarla böyük uğurlar əldə edə bilməyəcəyik. Azərbaycan xalqı ən yüksək dəyərlərə layiqdir. Xalqa sosial ədalət ver, qanunları təmin et, ondan sonra hər kəs normal vətəndaş olacaq. Bunlar olmadıqca, hər cür problemlər, o cümlədən, sərhədlərdə də problemlər yaşayacağıq”.  musavat /

Google+ WhatsApp ok.ru