Azərbaycanda elektrik enerjisi bahalaşacaqmı?-Rəsmi

Azərbaycanın elektrik enerjisinin tarifi qaldırıla bilər. Bu məsələnin gündəmə gəlməsinə səbəb “Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatdır. 
Məlumatda qeyd edilir ki,  son illər “Azərenerji” ASC-nin xərcləri artsa da, sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib: “İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, "Azərenerji" üçün çətinlik yarada bilər. Çünki şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir. 2013-cü ilin dekabrından etibarən "Azərenerji"yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək”. “Fitch" beynəlxalq reytinq agentliyinin ekspertləri bu fikirdədirlər ki, əgər sərf olunan qazın qiyməti artıbsa, bu elektrik enerjisinin maya dəyərinin də artması deməkdir və hazırki tarifin qaldırılması üçün iqtisadi zəmin yaradır. 
Qeyd edək ki, hazırda bütün istehlakçılar üçün elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün 6 qəpik (ƏDV daxil) səviyyəsində müəyyənləşib.
Tarif Şurasından "APA-Economics"ə bildirilib ki, hazırda tarifin artırılması nəzərdə tutulmayıb.
Ancaq bununla belə “Azərenerji” ASC-nin çətin vəziyyətdə olması fikri də əsassız deyil. Belə ki, bu qurumun Dövlət Neft Şirkətinə olan borcu ilbəil artmaqdadır. Son məlumatlara görə, 1 iyun 2015 tarixinə “Azərenerji” ASC-nin SOCAR-a olan borcu 485 milyon manata çatıb. Borcun yaranmasına səbəb son 3 il ərzində “Azərenerji"nin bu və ya digər səbəblər üzündən  Dövlət Neft Şirkəti tərəfindən tədarük edilmiş qazın haqqını ödəyə bilməməsidir. Bu barədə “Turan” agentliyi məlumat yayıb. 
SOCAR-dan isə bildirilib ki, Dövlət Neft Şirkətinin 2014-ci ilin yekunlarına həsr olunmuş iclasında SOCAR rəhbərliyi böyük borcu nəzərə alaraq, məsələni həll etmək üçün iqtisadi məhkəməyə müraciət etmək qərarına gəlib: “Biz belə də etdik və iki məhkəmə instansiyasında udduq. Əgər “Azərenerji” iyunun sonuna qədər borcunu ödəməsə, onda onun mülkiyyətinə həbs qoyulacaq”. 
 
Beləliklə sual çıxır: Elektrik enerjisinin tarifi artırıla bilərmi? 
 
“Azərişıq”ASC-nin nümayəndəsi Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, ümumiyyətlə quruma belə bir məlumat daxil olmayıb: “Biz sadəcə enerjinin satışını həyata keçirən bir qurumuq. Elektrik enerjisinin tarifini biz müəyyənləşdirmirik, bizim səlahiyyətimizdə olan bir məsələ deyil.  Biz icraçı qurumuq və hər hansı qərar olarsa biz onun icrasını həyata keçirəcəyik. Hələ ki, bizə enerji tarifinin artacağı ilə bağlı məlumat daxil olmayıb. Bizim tərəfimizdən də Tarif Şurasına hər hansı müraciət olmayıb”.
Tarif Şurası da hazırda belə bir məsələnin müzakirə olunmadığını bildirib.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanisə “Yeni Müsavat”aaçıqlamasında  mövcud vəziyyəti təhlil edərək elektrik enerjisinin qiymətinin artması ilə bağlı iqtisadi zəmin olmadığını bildirib: “Mən bu məlumatı o qədər də əsaslandırılmış bir faktor hesab etmirəm. Çünki “Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə olan 485 milyon manat borcu var və bu borcun yaranmasının səbəbi “Azərenerji”nin menecment, idarəçilik işinin düzgün qurulmaması səbəbindəndir. Bu borclar 2009-cu ildə dövlət tərəfindənborcların silinməsi zamanı da mövcud idi. Yəni, bu mütəmadi olaraq Dövlət Şirkətində yaranan prosesdir. Ona görə də, nə qədər ki, “Azərenerji” dövlət şirkəti olacaq, tamamilə qapalı və məxfi hesabatlılıq sistemində fəaliyyət göstərəcək, cəmiyyətə hansı strukturda nə qədər xammal alıb, nə qədər enerji sərf etdiyini açıqlamayacaqsa, qoyulan kapitalın nəyə istifadə edildiyini, qurumun fəaliyyətini necə yaxşılaşdırdığını açıqlamayacaqsa o müddətdə “Azərnenerji” həm dövlətə, həm də vətəndaşlara ziyan vurmaqda davam edəcək. Bu reytinq agentlikləri də milyonlarla dollara dövlət qurumları üçün illik hesabatlar hazırlamaqla məşğuldur. Onlar özləri üçün yalnız biznes axtarırlar,  əslində problemin mahiyyətindən xəbərləri yoxdur”.
 
Ekspert vurğulayıb ki, “Azərenerji”nin həyata keçirdiyi bütün layihələr dövlət tərəfindən maliyyələşir və bu səbəbdən bu qurumun tarifin qaldırılmasını tələb etməyə əsası yoxdur: “2003-cü ildən 2013-cü ilə qədər dövlətin yardımı ilə “Azərenerji” həm istilik elektrik stansiyalarını, həm su elektrik stansiyalarını, həm də ki, alternativ enerjiyə ayrılan vəsaitlərin hesabına digər elektrik stansiyalarını da tikməkdə davam edir. Ancaq sual olunur ki, “Azərenerji” heç bir işə kapital qoymursa, dövlət vəsaitləri hesabına iş görürsə, hansı haqla elektrik enerjisitariflərini qaldırmağı gündəmə gətirə bilər. O reytinq agentliklərindəki ekspertlər də ümumiyyətlə Azərbaycan iqtisadiyyatından xəbərsizdirlər və bu haqda təhlil verə bilməzlər. Elektrik istehsalı üçün sərf olunan qazın qiyməti neçə olursa olsun, “Azərenerji”  aldığı qaza pul vermirsə, elektrik stansiyalarının tikintisinə belə vəsait vermirsə, o tariflərin qaldırılmasına necə iddia edə bilər? Bunun üçün iqtisadi əsas yoxdur. “Azərenerji”nin bu günə kimi dövlət qarşısında 700 milyon manat borc öhdəliyi var”. 
 
Ekspert onu da bildirdi ki, elektrik enerjisininin tarifinin qaldırılması məsələsinin gündəmə gəlməsi, “Bakıelektrikşəbəkənin” ləğv edilib səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi ilə də bağlı ola bilər: “Azərişıq” 1 milyard manat kredit götürüb, hökumət də ona yardım edir ki, həmin vəsaiti geri qaytarılmasınıasanlaşdırsın. Bu məsələnin gündəmə gətirilməsi də bununla bağlı ola bilər. Çünki satışı həyata keçirən qurum “Azərişıq”-dır. ”musavat /

Google+ WhatsApp ok.ru