Azərbaycanda avtomobil yük maşınına və sərnişin avtobusuna çırpılıb: 3 yaralı

Bakı-Qazax magistral yolunda qəza baş verib. Hadisə Bakı-Qazax magistral yolunun 263-cü kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cavadov Rafiq Tofiq oğlu "KİA" markalı minik maşını ilə paytaxt istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn 1978-ci il təvəllüdlü Eminov İbrahim Niyazi oğlunun idarə etdiyi "QAZ 53" markalı yük maşınına çırpılıb.
Sonra "KİA" yoldan çıxaraq Gəncə istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Ələsgərov Elman Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunun yoluna çıxıb və ona çırpılıb.
Qəza nəticəsində "KİA"nın sürücüsü və sərnişini - 1974-cü il təvəllüdlü Bakı şəhər sakini Quliyev Azad Əliyusif oğlu, həmçinin avtobusda olan sərnişin - Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əsədov Elvin Nizami oğlu xəsarət alıb. Onlar dərhal Ağdaş Rayon Mərkəzi xəstəxanasına aparılıb. Hazırda yaralıların vəziyyəti orta-ağır olaraq qalmaqdadır.
Qəzanın səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru