Azərbaycan ordusu üçün hərbi pilotların hazırlığı mərkəzinin açılışı olub

Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlığı mərkəzinin açılışı olub.
Bu barədə Maide.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Yeni mərkəzin açılışında iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov əvvəlcə Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzinə gələrək idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub.
Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır.
Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.
Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.
Müdafiə naziri zəruri infrastrukturla yanaşı ailəli hərbi qulluqçular üçün nəzərdə tutulan və inşası davam etdirilən hər biri 50 mənzilli müasir tipli üç binada aparılan tikinti işlərinin gedişatını yoxlayıb. General-polkovnik Zakir Həsənov tikintinin qısa müddətdə sona çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Google+ WhatsApp ok.ru