Azərbaycan İslam Partiyası şəhid ailələrinə başsağlığı verdi

Azərbaycan İslam Partiyası işğalçı Ermənistan ordusunun növbəti təxribatı nəticəsində təmas xəttində baş verən qarşıdurma ilə bağlı bəyanat verib
 
Maide.az  İslaminSesinə istinadən xəbər verir ki, bəyanatda düşmən qüvvələrinə qarşı qəhrəmancasına vuruşaraq şəhid olan hərbçilərimizin ailələrinə və vətənpərvər xalqımıza başsağlığı verilib.
 
İşğalçı Ermənistanın torpaqlarımızı 25 ildən artıq təcavüz altında saxlayan quldur dəstələrinin yenidən atəşkəsi pozması şəksiz ki, məqsədli xarakter daşıyır. Gücü və döyüş qabiliyyəti tükənmiş düşmən dünyanın diqqətini cəlb etmək üçün mütəmadi qarşıdurma yaradır, hətta buna döyüş texnikasının və olan-qalan hərbçilərinin ordumuz tərəfindən məhv edilməsinə rəğmən çalışır. Status kvonun birdəfəlik dondurulması məqsədini qarşıya qoyan hiyləgər düşmən ölkəmizin ərazi bütövlüyünə ikili standartlarla yanaşan beynəlxalq təşkilatların, dünyanın güc mərkəzlərinin, konfliktin tənzimləməsini öhdəsinə götürən ATƏT-in Minsk qrupunun qeyri-obyektiv münasibətlərindən və qətiyyətsizliyindən sui istifadə edərək beynəlxalq hüquq normalarını kobudcasına pozur.
 
Təmas xəttində baş verən son insident və onun istilaçılar üçün ağır nəticəsi qəhrəman Azərbaycan ordusunun döyüş şücaətini bir daha göstərdi. Texnika və canlı qüvvə tərəfindən ağır itki verən işğalçı Ermənistan ordusu Azərbaycanın torpaqlarında sərbəst davranmağın mümkün olmadığını anlamalı, yuvasına qayıtmalıdır. 
Şanlı hərbçilərimizin qəhrəmanlıq səhifələrini alqışlayır, şəhid olanların ailələrinə, yaxınlarına və bütövlükdə xalqımıza baş sağlığı veririk./

Google+ WhatsApp ok.ru