Azərbaycanda peyvənd olunan uşaqların sayı açıqlanıb

“Bu ilin ilk dörd ayı ərzində peyvənd edilən uşaqların sayına görə ölkə üzrə əhatə olunma faizi aşağıdakı kimi olub: yeni doğulmuşların vərəm əleyhinə (BCG) peyvəndi 96,9 faiz, Hepatit B (HepB) peyvəndi 98,8 faiz, poliomielit (OPV0) 97 faiz”.
 
Maide.Az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva Azərbaycanda immunoprofilaktika tədbirlərinin vəziyyəti barədə keçirilən tədbirdə deyib. O bildirib ki, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus əleyhinə beşvalentli (GDTHibHepB3) peyvəndlə əhatə olunma 95,1 faiz, OPV3 peyvəndi ilə əhatə olunma 96,5 faiz, pnevmokok əleyhinə (Pk) peyvəndlə əhatə olunma isə 95 faiz təşkil edib.
 
Bu ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlandığını söyləyən bölmə müdiri qeyd edib ki, həmin dövr ərzində respublika üzrə əhatə olunma 85 faiz təşkil edib: “Ölkədə immunlaşdırma həftəsi ərzində BCG vaksini ilə 326, difteriya, göyöskürək və tetanus əleyhinə GDT vaksini ilə 1 439, difteriya-tetanus əleyhinə DT vaksini ilə 1 356, poliomielit əleyhinə OPV vaksini ilə 4 145, qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 2718, hepatit əleyhinə Hep "B" vaksini ilə 175, beşvalentli GDTHibHepB vaksini ilə 3100, onvalentli kanyuqasiya olunan pnevmokok vaksini ilə 2555 və A vitamini ilə 1712 uşaq əhatə olunub. Eyni zamanda, immunlaşdırma həftəsi ərzində böyük yaşlı əhali arasında qızılca və məxmərək əleyhinə QM vaksini ilə 119 nəfərə vaksinasiya aparılıb".
 
Respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Onun sözlərinə görə, bu gün ölkədə peyvəndlənmə tam olaraq dövlət tərəfindən pulsuz həyata keçirilir: "Bu gün heç kəs deyə bilməz ki, ölkədə peyvənd çatışmazlığı var. Vaksinasiyaya görə ölkələr arasında ilk “onluq”dayıq. Uşaq anadan olan vaxtdan böyüyənədək 11 xəstəliyə qarşı peyvənd edilərək bədənin immun sistemi gücləndirilir”. /
 
apa.az

Google+ WhatsApp ok.ru