Azərbaycanda hansı evlər zəlzələ zamanı dağıla bilər?

Azərbaycanda hansı evlər zəlzələ zamanı dağıla bilər?

 
Elə binalar var ki, onun konstruksiyası nəzəri cəhətdən zəlzələyə davamlıdır, amma inşa zamanı orada texnoloji proses pozulub, qaydalara düzgün əməl edilməyib. Bu baxımdan həmin bina zəlzələyə davamlı olmaya bilər. Ona görə də binaların seysmik davamlılığını dəqiq müəyyən etmək üçün inventarizasiya aparılmalı, binalar pasportlaşdırılmalıdır.
 
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnsitutunun mühəndisi, memarlıq və tikinti işləri üzrə qocaman ekspert Cahangir Qocayev deyib.
 
Ekspertin sözlərinə görə, son dövrlərdə tikilən binalar, evlər Sovet dövründə inşa edilənlərə nisbətən daha möhkəm və dayanıqlıdırlar: "Bakıda 2000-ci ildə baş verən zəlzələ bir çoxlarının fikirlərini puça çıxardı. Çünki çoxları elə bilirdi ki, Sovet vaxtı tikilən binaların əksəriyyəti davamlı deyil. Amma onlar zəlzələyə tab gətirdilər. Bununla belə, son dövrdə tikilən binalar, xüsusən də fərdi tikililər zəlzələyə daha davamlıdır. Çünki əvvəllər kifayət qədər tikinti materialı yox idi və ya keyfiyyətli deyildi. Ona görə də nisbətən köhnə binalar seysmik davamlılıq baxımından tələblərə cavab vermirdi. Elə bu səbəbdən də baş verən zəlzələlər ciddi fəsadlara yol açırdı. Məsələn, vaxtilə məshəti türklərinin Azərbaycana köçürülməsi zamanı salınan qəsəbələrdə evlərin çoxu tezbazar tikildiyindən az sonra orada çatlar əmələ gəldi. Yəni inşaat zamanı texnoloj proseslər gözlənilməmişdi. Amma son zamanlar tikilən evlər daha çox etibarlıdır. Çünki onların inşası əsas etibarilə monolit tökmə üsulu ilə icra olunur. Fasiləsiz tökmə olanda isə bina lap möhkəm olur, davamlılıq birə beş artır, bina bağlı bir qutuya çevrilir. Amma bu yalnz nəzəri cəhətdən belədir. Praktiki baxımdan isə onun keyfiyyəti yalnız mütəxəssis tərəfindən yerində yoxlayanda bəlli olur. Əgər armatur təkrar emaldan hazırlanıbsa, sement keyfiyyətsizdirsə, onda monolitliyin də xeyiri olmayacaq".
 
Ona görə də C.Qocayev hesab edir ki, ölkədə bütün binalar pasportlaşdırılmalıdır: "Ola bilər ki, bina vaxtilə köhnə üsulla, dədə-baba qaydası ilə tikilib, məsələn, Qız Qalası, neçə zəlzələ görüb, yenə də heç nə olmayıbmış kimi dayanır. Amma bina da var ki, məsələn, Sovet vaxtı tələsik və ya plan xatirinə tikilib, onlarda müəyyən fəsadlar yaranır. Yaxud da istismar mədəniyyətinin aşağı olması ucbatından həmin binalarda deformasiyalar baş verir ki, binanın zələzələyə davamlılığını azaldır. Ona görə də binaların pasportlaşdırılması çox vacibdir. Bu, insanların konstitusiyaya görə sağlam və təhlükəsiz mühitdə yaşamasına təminat verilməsi baxımından da zəruridir. Texniki pasport dedikdə hamı elə başa düşür ki, orada, əsasən, binanın sxemi olmalıdır. Amma texniki pasportda avtomobildə olduğu kimi binanın texniki keyfiyyətləri göstərilməli və orada onun təhlükəli və ya təhlükəsiz olması haqqında qeyd yazılmalıdır. Bu, həm də onun üçündür ki, onu tikən, eyni zamanda rəy verən orqan məsuliyyət daşısın, verdiyi sənədə görə cavabdeh olsun. Amma bunun üçün mütləq əvvəlcə ya qanunvericilik bazası yaradılmalı, ya da bu, normativ qaydalarda göstərilməlidir".
 
Mühəndis bölgələrdə tikilən evlərin möhkəmliyi məsələsinə də toxunub: "Sovet dövründə, 1950-1970-ci illərdə tikilən binaların əksəriyyətinin keyfiyyəti normal deyil. Çünki çiy kərpicdən tikilən evlərdə yapışdırıcı kimi də elə gildən istifadə olunub. Onların da seysmik davamlılığı çox aşağıdır. Yəni divarlar faktiki olaraq torpaqdan ibarətdir. Ağacdan olan, məsələn, Muğan zonasında daş üstündə ağac karkasdan düzəldilmiş, içi qamış və ya palçıqla doldurulmuş evlərin davamlılığı daha yüksəkdir. Amma onların da yerə bağlılıq səviyyəsi aşağı olduğuna görə həmin evlər tam etibarlı sayıla bilməz. "Kəmər"lə bağlanmış daş evlərin davamlılığı isə nisbətən daha çoxdur. Lakin əvvəllər tikinti materialı çox qıt idi, əldə etmək çətin olurdu. Sement az vurulurdu, qum da yuyulmadan istifadə edildiyindən onların da dayanıqlığını yüksək saymaq olmaz".
 
Bu baxımdan qocaman mühəndis hesab edir ki, inventarlaşma aparılması zəruridir: "Zər qədrini zərgər bilər. Tikiliyə, onun dayanıqlığına, keyfiyyətinə yalnız inşaatçı qiymət verə bilər. Əgər bina, ev yararsızdırsa, onlar sökülməli, həmin binanın sakinləri və ya ev sahibləri dövlət tərəfindən müvafiq qaydada mənzillə təmin edilməlidir. Yəni evlər, binalar qəzalıdırsa, o tikililər dövlət ehtiyacı üçün camaatdan alınmalı, insanlar təhlükəli yerlərdən köçürülməlidir". (Milli.az) /

Google+ WhatsApp ok.ru