Azərbaycanda 80 minə yaxın saxta profil istifadəçisi var

Azərbaycanda 80 minə yaxın saxta profil istifadəçisi var

Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4%-ə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var.
 
Bu barədə deputat Tahir Mirkişili bildirib. Millət vəkili qeyd edib ki, bütün dünyada saxta profillərlə və saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti ilə mübarizə aparılır.
 
"Bir neçə gün öncə ABŞ-da birinci xanım Mişel Obamanı təhqir etdiyinə görə şəhərin meri işdən azad olunub. Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 avroya qədər cərimə ilə cəzalandırılır. Ancaq cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəkətlərdən çəkindirməkdir. Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüququnu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir. 
 
Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunun tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm bir mədəniyyət göstəricisidir". (azvision) /

Google+ WhatsApp ok.ru