Azərbaycan hökumətini Avropa məhkəməsindən külli miqdarda cərimə gözləyir

Azərbaycan hökumətini Avropa məhkəməsindən külli miqdarda cərimə gözləyir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozulması ilə bağlı Azərbaycandan bu quruma göndərilən 32 şikayət üzrə kommunikasiyalara başlayıb. Bu barədə Turan-a hüquqşünas İntiqam Əliyev məlumat verib.
 
Avropa məhkəməsi hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etmək üçün 2017-ci ilin martın 21-nə qədər vaxt verib.
 
Bu işlərdə şikayətçi qismində 52 nəfər Azərbaycan vətəndaşı çıxış edir.
 
Bunlar “Qış bulvarı”nın salınması ilə əlaqədar paytaxtın Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu, Mirzə İbrahimov küçələrində yerləşən mənzillərindən köçürülən sakinlərdir.
 
Ərizəçilərin arasında keçmiş millət vəkili Hacıbaba Əzimov, jurnalist Əlirza Mixtaroğlu, Müsavat Partiyasının fəalı Başxanım Abbasova və digərləri var.  
 
2011-ci ildən başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin məmurları və polis vətəndaşlara
 
təzyiq edərək mənzillərin hər kvadrat metrinə  1500 AZN ödənilməklə evlərindən çıxmağa məcbur ediblər.
 
Bəzi işlərdə mənzillərin sökülməsini cavabdehə qadağan edən məhkəmə qərardadının olmasına baxmayaraq, bu şərtlərlə razılaşmayan və mənzillərini tərk etməkdən imtina edən mülkiyyətçilərə qarşı zorakılıq tətbiq olunmaqla onların evləri sökülüb.
 
Lakin yerli məhkəmələr vətəndaşların bütün iddialarını rədd ediblər.
 
Şikayətlərdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə yanaşı, həmçinin 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi həyat hüququ), 13 (səmərəli araşdırma hüququ) və digər maddələrin pozuntusu qaldırılıb.
 
İ. Əliyevin apardığı işlərdə isə onun həbsi zamanı hüquqşünasın evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız mane kimi qaldırılır.
 
Avropa məhkəməsində şikayətçilərin hüquqlarını həmçinin Fuad Ağayev, Xalid Bağırov, Şəfa Camalzadə, Sevinc Əliyeva, Samirə Ağayeva və digər hüquqşünaslar təmsil edirlər.
 
Avropa məhkəməsinin bu işlər üzrə  hökumətə külli miqdarda cərimə kəsəcəyi gözlənilir.(contact.az)
 

Google+ WhatsApp ok.ru