Azərbaycan əhalisi necə yaşayır?

Azərbaycan əhalisi necə yaşayır?

Azadliq.info saytında dərc edilən «Azərbaycan əhalisi necə yaşayır?» sərlövhəli məqalədə iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.
 
Yazıda indiki böhranda ölkə əhalisi maddi durumlarına görə 6 qrupa ayrılır.
 
Ekspert ifrat zənginləri birinci, sadəcə zənginləri ikinci, özünü orta təbəqə hesab edən iri sahibkarları, məşhur şirkətlərdə çalışan menecerləri üçüncü, aşağıranqlı məmurları, kiçik və orta sahibkarları dördüncü, yoxsulları beşinci, ifrat yoxsulları da altıncı qrupa aid edir.
 
Yazıda deyilir ki, birinci qrupa aid olanlar hər il xarici ölkələrdə, Azərbaycanın özündə onlarla villalar və obyektlər alırlar. Hər rüb istirahət yerlərini, hər ay super bahalı avtomobillərini, hər həftə yeni model telefonlarını, hər gün təzə dəbə uyğun brend geyimlərini, gündə ən azı iki dəfə elit restoranları dəyişirlər. 
Yazıda vurğulanır ki, bu qrupun kapitalı Azərbaycanın cari dövlət büdcəsinin 10 mislindən belə çoxdur. İfrat zənginlərin ümumu əhali sayında xüsusi çəkisi isə 1 faizdən belə azdır.
 
Ekspert deyib ki, ikinci qrupda olanların sayı ifrat zənginlərin sayından 5 dəfə çoxdur. Onların kapitalı isə cari ilin büdcəsinin gəlirlərinə bərabərdir.
 
Üçüncü qrupa aid olanlar iki ildən bir avtomobillərini, ildə bir dəfə yeni model telefonlarını, hər mövsüm orta səviyyəli istirahət yerlərini, hər ay brend geyimlərini, həftədə ən azı 2 dəfə elit restoranlarını dəyişirlər. Bu qrupuntoplam kapitalı cari ilin dövlət büdcəsinin 10 faizi həddindədir. Bunların sayı əhalinin 10 faizini təşkil edir.
 
Dördüncü qrupun ümumi kapitalı isə bu ilin dövlət büdcəsinin 0.1 faizi qədərdir. Onların sayı əhalinin beşdə birinə bərabərdir.
 
Yazıda qeyd edilir ki, beşinci qrupda olanların isə nə sərvəti var, nə də borcu. Onların sayı əhalinin dörddə biri qədər olar.
 
Ekspert deyib ki, sonuncu qrupda qərarlaşan ifrat yoxsullardır. Onlar iş tapa bilmir, sosial müavinət, pensiyalar hesabına yaşamağa çalışırlar. Avtomobilləri yoxdur, telefonları ikinci əldən alıblar. Geyimləri dəyişmir, imkansızlıqdan toylara getmədiklərinə görə restoran üzünə həsrətdirlər. Bu qrupda olanların adları dükanlarda nisyə dəftərlərindədir, onlar borc içində batırlar. Onların sayı əhalinin üçdə biri qədərdir.
 

Google+ WhatsApp ok.ru