`Azərbaycanda yoxsullar rəsmi rəqəmlərdən çoxdur`

`Azərbaycanda yoxsullar rəsmi rəqəmlərdən çoxdur`

“Yeni Müsavat” qəzetində “Hökumət iqtisadi böhranın yoxsullaşdırdığı kasıbları...” sərlövhəli məqalə diqqət çəkir.
 
Yazının əvvəlində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmerin Tbilisidə keçirdiyi videokonfransda Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdiyi fikirlərə yer verilib.
 
Baş iqtisadçı orada deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafından ötrü hərtərəfli strategiya lazımdır:
“Neft gəlirlərinin azalması səbəbindən ölkə alıcılıq qabiliyyətini 25 faizini itirib. Bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb. Odur ki, Azərbaycan xüsusilə ixrac yönlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Ölkədə məzənnə çevikliyi təmin edilməli, yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. Bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir”.
 
Yazıda bildirilir ki, Dünya Bankı təmsilçisinin vurğuladığı daha bir nöqtə yaranmış iqtisadi böhran və inflyasiya səbəbindən vəziyyəti pisləşən aztəminatlı ailələrə dəstək verilməsi olub.
 
İqtisadçı deputat Vahid Əhmədov isə mövzu ilə bağlı qəzetə bunları deyib:
“Yoxsul təbəqənin müdafiəsi üçün bu istiqamətdə hər hansı konkret qərarlar olmayıb. Ancaq inflyasiyanın qarşısının alınması üçün müəyyən qədər addımlar atılıb. Doğrudur, hazırda qiymət artımları da böyükdür, elə məhsullar var ki, qiyməti 10-12 faiz yox, 50 faiz artıb. Ancaq hökumətin hər hansı ciddi bir addımını görməmişəm”.
 
Ekspert Natiq Cəfərli isə deyib ki, ölkədə yoxsulluqla bağlı statistika reallığı əks etdirmir:
“Azərbaycanda bu sahədə real durumla bağlı araşdırmalar aparılmayıb. Rəsmi rəqəmlərə görə, bizdə yoxsulluq səviyyəsi heç 5 faizə çatmır. Əslində indikatorlar düzgün qoyulub hesablamalar aparılsa kifayət qədər böyük bir rəqəm alınar”.
 
N. Cəfərli hesab edir ki, düzgün diaqnostika aparılmadığına görə, bu sahədə real addımların atılması da görünmür.
 
Onun fikrincə, hətta son kommunal xərclərin artırılması və inflyasiyanın ikirəqəmli həddə olması ən çox aztəminatlı təbəqəyə təsir göstərib. Amma nə minimum əmək haqqı, nə də sosial təminatlarla bağlı ödənişlər ciddi şəkildə artıb. /

Google+ WhatsApp ok.ru