Ərzaq hey bahalaşır...

Ərzaq hey bahalaşır...

“Exo” qəzetində “Azərbaycanda hansı ərzaq məhsulları daha çox bahalaşır” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə ərzağın bahalaşmasını ekspertlərlə müzakirəyə çıxarıb.
 
“Azərbaycanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. İqtisadi böhran başladıqdan bu yana idxal xammalı hesabına istehsal edilən yerli ərzaq malları 25-100 arasında bahalaşıb”, deyə ekspertlərdən Nəriman Ağayev qəzetə bildirib.
 
Ekspert hesab edir ki, qiymətlərin bahalaşması ilə bağlı əhalinin şikayətlərinə baxmayaraq vəziyyət dəyişmir. Ərzaq bahalaşmaqda davam edir:
“Alıcılar satıcıları günahlandırır, satıcılar da öz növbəsində istehsalçıları və mal göndərənləri. Onlar da deyillər ki, xidmətlər bahalaşıb və malları əvvəlki qiymətlə mağazaya satmaq onlara sərf etmir”.
 
N. Ağayev deyib ki, yarmanın bəzi növləri, dəniz məhsulları, kolbasa məmulatları müntəzəm bahalaşır.
 
Üstəlik, ekspert hesab edir ki, meyvələrin qiyməti yüksəkdir. Bir kiloqram sarımsaq az qala bir kiloqram ətin qiymətinə bərabər satılır:
“Manatın ikinci devalvasiyasından bu günə kimi idxal məhsulları, şokolad məmulatları, konfetlər, pəhriz məhsulları, quru meyvə və qoz bahalaşıb. Bu məhsullar bahalaşmaqda davam edir. Yalnız bazarda məhsul bolluğu bu bahalaşmanın qarşısını ala bilər”.
 
Müəllif rəsmi statistik məlumatlara istinadən bildirir ki, keçən ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin ilk rübündə kənd təsərrüfatı məhsulları 10 faiz bahalaşıb.
 
Ekspert Samir Əliyev isə deyib ki, yüksək inflyasiya şəraitində əhalinin qazancının çoxu ərzağa gedir:
“500-600 manatlıq maaşın təqribən 80 faizi ərzaq mallarının alınmasına xərclənir. Qalan 20 faiz isə nəqliyyat və kommunal xərclərə nəzərdə tutulur”.
 
Ekspertlərin fikrincə, ölkənin aqrar sektoru stress halındadır, ərzaq təhlükəsizliyi isə minimum səviyyəyə düşüb. /

Google+ WhatsApp ok.ru