Azərbaycanın nüfuzuna zərbə

Azərbaycanın nüfuzuna zərbə

"Yeni Müsavat" qəzetində də "Beynəlxalq Bank bankrot olunması üçün Nyu-York məhkəməsində - iki fərqli rəy" başlığı altında bu mövzu ekspertlərlə müzakirə edilib.
 
Yazıda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə Nyu-Yorkda məhkəməyə müraciət edib.
 
Keçmiş maliyyə naziri Fikrət Yusifov bankın bu addımını müsbət dəyərləndirib: "Həmin məhkəməyə müraciət etməkdə məqsəd Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi prosesində xarici kreditorların bankın aktivlərinə qarşı hər hansı bir iddia qaldırmasının qarşısını almaqdır. Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycan prezidentinin bankın özəlləşdirilməyə hazırlanması ilə bağlı 2015-ci il iyulun 15-də verdiyi fərmanına uyğundur".
 
İqtisadçı-ekspert Natiq Cəfərli isə bu məsələni qəzetə fərqli yöndən dəyərləndirib. N.Cəfərli hesab edir ki, bu, əslində, Azərbaycanın bank, maliyyə sistemindən ötrü böyük qalmaqaldır. Yəni, ölkənin bank sektorunun, investisiya durumunun aşağı səviyyədə olması üzə çıxır: "Çünki çox nüfuzlu beynəlxalq media qurumları bunu geniş şəkildə işıqlandırdılar. Söhbət 3.3 milyard dollara yaxın xarici borcdan gedir. Bunu da Beynəlxalq Bank ödəyə bilməyib və kreditlər üzrə ödənişlərin artıq zamanı da keçib".
 
Ekspert hesab edir ki, ən azından bu müraciət Azərbaycanın xaricdə daha böyük qalmaqallarla üzləşməsinin qarşısını alacaq.
 
N.Cəfərli deyib ki, ölkədəki bütün banklarda vəziyyət təqribən eynidir. Bank sisteminin bütünlükdə fəaliyyəti dayanmış vəziyyətdədir. Ekspertin fikrincə, Beynəlxalq Bankın bu müraciəti digər bankların xaricdən kredit götürmələrinə ciddi əngəl yaradacaq: "Bu, Azərbaycanın nüfuzuna və bank sisteminə çox böyük zərbədir. Problemli kreditlər bütün banklarda var. Beynəlxalq Bank dövlət bankı olduğundan dövlət onu himayə edir. Amma digər banklarda problemli kreditlərlə bağlı vəziyyət idarə olunmaz həddə çatıb". /

Google+ WhatsApp ok.ru