Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var

Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb.
 
Respublika Klinik Xəstəxanasında 25 may-Ümumdünya qalxanabənzər vəzi gününə həsr olunan tədbirdə Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Saleki bildirib ki, ötən ilin sonuna kimi mərkəzdə şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Onun sözlərinə görə, 2015-ci ildə analoji rəqəm 209 307 olub.
 
B.Saleki qeyd edib ki, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə xəstələrin müayinə və müalicəsi üçün müvafiq işlər görülür: “Hazırda Sumqayıt, Abşeron, Masallı, Sabirabad, Zaqatala, Şamaxı və digər rayonlarda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlər xidmət göstərir. Respublika Endokrinoloji Mərkəzi tərəfindən illik plan üzrə müayinə, məsləhət və profilaktika işləri aparılır. Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə Bakı və rayonlarda diabet məktəbləri fəaliyyət göstərir. Hər il şəkərli diabetli xəstə uşaqlar üçün yay düşərgəsi təşkil olunur. Bu düşərgələrdə 30-40 uşaq həm istirahət edir, həm də öz xəstəliyi barədə təlim dərsləri keçirilir. "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır. Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinə və müalicəsinin təşkili, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır”. (apa) /

Google+ WhatsApp ok.ru