Bəzi yerlərdə işıqlar sönüb

Bəzi yerlərdə işıqlar sönüb

Güclü külək paytaxt Bakı və ətraf yaşayış məntəqələrinin elektrik təminatına da mənfi təsir göstərib. Bakının bir sıra ərazilərindən və paytaxtətrafı bəzi qəsəbələrdən verilən məlumata görə, onlarda elektrik enerjisi kəsilib.
 
Sumqayıtda qadının başına şifer düşüb
 
APA-nın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 6/2a nömrəli binanın qarşısından keçən qadının başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57-yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Külək fəsadlar yaradıb, BNA sərnişinlərə müraciət edib
 
Avqustun 4-də başlayan güclü külək Azərbaycan ərazisində bir sıra fəsadlar törədib.
 
APA-nın məlumatına görə, külək Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 12-mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü uçurub. Xəsarət alan olmayıb. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
 
Xırdalan sakinlərinin AzadlıqRadiosuna bildirməsinə görə, bu şəhərdə də bəzi evlərin damına, həyət evlərində balkonlara ziyan dəyib.
 
Avqustun 5-də isə Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyat sərnişinlərə müraciət edib.
 
Agentlik hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb. Agentlik sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmağı, yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etməyi xahiş edib. «Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər», - BNA-dan bildirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, avqustun 5-də də şimal küləyi tez-tez sürətini artıracaq.
 

Google+ WhatsApp ok.ru